"Müharibənin ağrısını və Zəfərin sevincini anlamaq istəyirsinizsə, şəhid anasının gözlərinə baxın" – Vətən müharibəsi iştirakçısı | 1news.az | Xəbərlər
Mövqe

"Müharibənin ağrısını və Zəfərin sevincini anlamaq istəyirsinizsə, şəhid anasının gözlərinə baxın" – Vətən müharibəsi iştirakçısı

Faiqə Məmmədova10:24 - Bu gün
"Müharibənin ağrısını və Zəfərin sevincini anlamaq istəyirsinizsə, şəhid anasının gözlərinə baxın" – Vətən müharibəsi iştirakçısı

44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərdən altı il ötür.

Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Məhz həmin gün ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqının 30 ildən artıq müddətdə gözlədiyi qələbə Vətənimizin igid oğullarının qəhrəmanlığı və şücaəti sayəsində əldə olunub.

Tarixi Zəfərin altıncı ildönümü ərəfəsində 1news.az-ın qonağı ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi iştirakçısı Elxan İsmayılov olub.

“Torpaqlarımızın azadlığı uğrunda müharibə Tovuz döyüşlərindən başladı. Bu, tariximizin ən ağır, acı, sevincli və kədərli günlərindən biridir. Tovuz döyüşləri xalqımızın, millətimizin səbr kasasının dolub-daşdığı məqam oldu. Tovuz döyüşlərinə qədər Aprel döyüşlərində də iştirak etmişdim. General Polad Həşimovla birlikdə səngərdə səhərə qədər döyüş növbəsində dayandığım anları bu gün də böyük həyəcanla xatırlayıram. Belə bir generalın, belə bir insanın yanında Aprel döyüşlərində iştirak etmək mənim üçün böyük şərəf və qürur idi. Bu hissləri sözlə ifadə etmək mümkün deyil”, – deyə Elxan İsmayılov xatırlayıb.

Vətən müharibəsi iştirakçısının sözlərinə görə, müharibədən danışmaq, “gəlin, müharibə edək” demək asandır, lakin müharibəni yaşamaq, onun içərisində olmaq tamamilə başqa məsələdir. Çünki sən hadisələrin birbaşa mərkəzində olursan. Müharibə zamanı insanın öz həyatının əvvəlki mənası itir. Həmin vaxt bizim həyatımızın yeganə mənası və məqsədi düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək, ata-baba yurdlarımıza qayıtmaq, məzarlarımızı və müqəddəs məkanlarımızı düşmən əsarətindən xilas etmək idi.

“Biz Ağdamı və Kəlbəcəri ermənilərdən bir güllə belə atmadan azad etdik. Bildiyiniz kimi, həmin gün düşmən Kəlbəcəri asanlıqla təhvil vermək niyyətində deyildi. Biz səhərə qədər Ömər aşırımı adlanan silsilədə gözlədik. Soyuq havada səhərə qədər orada gözləmək özü də ciddi sınaq idi. Lakin ordumuz, igidlərimiz, əsgərlərimiz geri çəkilmədi. Şaxtaya və soyuğa baxmayaraq, düşmənin tərk etdiyi ərazilərin minalardan təmizlənməsi prosesində iştirak edirdik.

Havanın sərt, şaxtalı, qar və buzla müşayiət olunması, həmçinin dar yolla hərəkət etmək məcburiyyətində qalmağımız səbəbindən texnika ilə irəliləyirdim. Yadımdadır, sonuncu döngədə yol örtüyünün sərt və yararsız olması səbəbindən texnika sürüşərək idarəetmədən çıxdı. Əgər cəmi bir qədər sola meyillənsəydik, dərəyə yuvarlanacaqdıq və yəqin ki, bu gün həyatda olmayacaqdıq”, – deyə E.İsmayılov bildirib.

Ehtiyatda olan polkovnik-leytenantın xatırladığına görə, sonradan aldığı zərbə nəticəsində sağ ayağından xəsarət alıb və Kəlbəcərdə bir aydan artıq müddətdə qalıb. Həmin ərazidə düşmənin tərk etdiyi torpaqların təmizlənməsi, mühəndis hazırlığı işləri və şəxsi heyətin yerləşdirilməsi istiqamətində fəaliyyət göstərilirdi. Ayağında ağrı olmasına və axsayaraq yeriməsinə baxmayaraq, o, heç kimə heç nə deməyib:

“Çünki orada vəziyyəti məndən daha ağır olan insanlar var idi. Hərbi kadrlarda da gördüyünüz kimi, qəhrəman oğullarımız gözlərindən və sinələrindən yaralansalar da, qan içində döyüşü davam etdirirdilər”.

E.İsmayılovun sözlərinə görə, müharibə ilə bağlı xatirələri arasında ən ağrılı olanı yaxınlarını, silahdaşlarını itirməsidir. Birlikdə güldüyü, çay içdiyi, çörəyini bölüşdüyü insanların itkisi onun üçün ağır olub. Onun sözlərinə görə, onlar mülki həyatı görməyiblər və ən gözəl dostluqları məhz döyüş meydanında yaranıb. Çünki birlikdə ölümün üzərinə gedir, birlikdə ölümə hazırlaşırdılar.

“Yaddaşımda qalan ən sevincli məqam isə həmin torpaqlara ilk dəfə ayaq basmağımız oldu. Çünki 30 il ərzində hər kəsin bu torpaqlar üçün ürəyi göynəyirdi. Ora gedərkən, ilk dəfə həmin torpağa ayaq basanda böyük sevinc hissi keçirdim. Bu, çox kövrək və işıqlı mövzudur.

Silah və sursat baxımından heç bir çətinliyimiz yox idi, təminat ən yüksək səviyyədə təşkil olunmuşdu. Bundan başqa, sadə vətəndaşlarımız, qardaşlarımız, analarımız, bacılarımız əllərindən gələni edirdilər. Kimin nəyə imkanı çatırdısa, bizə yemək, içmək, hətta isti yorğan gətirirdi. Çünki biz əsrlərin dərinliklərindən gələn milli ənənələr əsasında tərbiyə almışıq. Müharibə zamanı analarımız, bacılarımız və qardaşlarımız hər zaman yanımızda idilər”, – deyə o bildirib.

Vətən müharibəsi iştirakçısı Goranboyda, Kəpəz dağı istiqamətindəki mövqelərdə olduğu vaxtları da xatırlayıb. Onun sözlərinə görə, həmin əraziyə tez-tez məktublar göndərilirdi:

“Uşaqlardan gələn məktublar bizi çox sevindirirdi. Balacalar yazırdılar: “Allah sizi qorusun, düşmən gülləsindən saxlasın!” O zaman baxışlarımız uzaqlara – Qarabağ torpaqlarına dikilmişdi. Amma bu gün, şükür Allaha, həmin uşaqların baxışları artıq narahatlıq və həsrətlə o istiqamətə dikilmir”.

Elxan İsmayılov vurğulayıb ki, bu gün Ali Baş Komandanın əmri olarsa, onlar yenidən silaha sarılmağa və hara göndərilmələrindən asılı olmayaraq döyüşə getməyə, qarşıya qoyulan tapşırığı yerinə yetirməyə hazırdırlar.

“Qələbə xəbərini ilk dəfə Kəlbəcər-Ağdərə istiqamətində mövqelərdə olarkən aldıq. Biz bundan xəbərdar idik, həmin anı gözləyirdik. Təbii ki, nə tam sevinə, nə də kədərlənə bilirdik. Bir tərəfdən, nəhayət, ədaləti bərpa edə bilmişdik, digər tərəfdən isə çiyin-çiyinə döyüşdüyümüz çoxsaylı silahdaşlarımızı itirmişdik”, – deyə o qeyd edib.

Vətən müharibəsi iştirakçısı gələcək nəsillərə tariximizi düzgün öyrənməyi tövsiyə edib:

“Təhsil sistemimizdə, xüsusilə də dərsliklərdə məhz öz tariximizə geniş yer ayrılmalıdır. Qədim dövrlərdən bu günə qədər tariximizi yazan şəxsiyyətlər gənc nəslə layiqincə tanıdılmalıdır. Televiziyada və sosial şəbəkələrdə əsl qəhrəmanlarımız haqqında daha geniş məlumat verilməlidir. Bu gün cəmiyyətin kifayət qədər tanımadığı çoxsaylı cəsur oğullarımız var. Efirə vətənpərvərlik ruhunu aşılayan, gənclərimizi milli dəyərlərimizə sahib çıxmağa təşviq edən faydalı verilişlər və musiqi əsərləri təqdim olunmalıdır”.

“Sonda bir fikri demək istəyirəm: müharibənin nə olduğunu, onun sevincini və ya kədərini hiss etmək istəyirsinizsə, şəhid anasının, şəhid övladının, şəhid xanımının gözlərinə baxın. Onların baxışlarında, göz yaşlarında və qürurunda hər şey əks olunur. Onların gözlərində hər şey var, sadəcə bunu anlamağı bacarmaq lazımdır. Mən onların qarşısında baş əyir, əllərindən öpürəm! Bundan başqa nə deyə bilərəm? Sizə çox təşəkkür edir, minnətdarlığımı bildirirəm”, – deyə E.İsmayılov fikirlərini yekunlaşdırıb.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər