Vinsent van Qoqun rəsm əsəri rekord məbləğə - 190,4 milyon dollara satılıb

"Sotheby's" hərrac evi Nyu-Yorkda Vinsent van Qoqun "Çiçəkləyən şabalıd ağacları" rəsm əsərini rekord məbləğə - 190,4 milyon dollara satıb. Bu satış rəssamın 2022-ci ildə qeydə alınmış 117,2 milyon dollarlıq əvvəlki hərrac rekordunu yeniləyib.
BBC-nin məlumatına görə, satış hərracdan bir neçə saat əvvəl Blakye-Arrieta ailəsi ilə əsərin əvvəlki alman sahibləri olan Fişer ailəsinin varisləri arasındakı mübahisənin son anda əldə edilən razılaşma yolu ilə həll olunmasından sonra baş tutub.
Fişer ailəsinin varislərinin nümayəndələri tablonun nasistlərin hakimiyyətə yüksəlişi dövründə təzyiq altında satılmış ola biləcəyini iddia edirdilər. Varislərin vəkili onların adından "Sotheby's"-ə məktub yazaraq bildirib ki, rəsm əsəri İkinci Dünya müharibəsindən əvvəl ailənin nəşriyyat şirkətinin nasistlərin dövründə üzləşdiyi maliyyə itkiləri səbəbindən Amsterdamda satılıb. BBC şərh almaq üçün vəkillə əlaqə saxlayıb.
"Əsərin nasistlər dövrünə aid mürəkkəb tarixini və Fişer ailəsinin Holokost zamanı çəkdiyi əzabları nəzərə alaraq, iki ailə qarşılıqlı məqbul həll yoluna gəlib və əsər onların razılaşmasına uyğun olaraq satılacaq", - deyə "Sotheby's"-dən bildirilib.
Satışdan əvvəl dəyəri 180 milyon dollar qiymətləndirilən yağlı boya ilə çəkilmiş tablo Blakye-Arrieta kolleksiyasının bir hissəsi kimi hərraca çıxarılıb. Əsəri kimin aldığı dərhal məlum olmayıb. BBC şərh üçün hərrac evinə də müraciət edib.
"Çiçəkləyən şabalıd ağacları" 1890-cı ildə, Van Qoqun həyatının son iki ayında çəkilib. "Sotheby's"-in məlumatına görə, bu rəsm həmin dövrə aid şəxsi mülkiyyətdə qalan ən mühüm sənət əsərlərindən biri hesab olunur.
Hərrac evinin saytında tablonun mənşəyi və 1890-cı ildən bəri əldən-ələ keçməsinin necə araşdırıldığı barədə təfərrüatlar təqdim edilib. Bildirilir ki, məşhur alman naşiri Samuel Fişer əsəri 1909-cu ildə əldə edib, onun 1934-cü ildə ölümündən sonra isə rəsm ailəsinə keçib. Tablo 1932 və ya 1933-cü ildə Amsterdamda Pol Kassirerə saxlamağa verilib, 1936-cı ildə isə Parisdə Anriyetta və Marsel Kapfererə keçib. Daha sonra əsərin başqa dörd sahibi olub. Blakye ailəsi tablonu 1975-ci ildə əldə edib və son satışa qədər yarım əsrdən çox müddətdə ona sahiblik edib.











