1news.az

Berndə Azərbaycanın qaçqın və məcburi köçkünlərinə həsr edilmiş ictimai kampaniya keçirilib - FOTO

18 İyun saat 09:38 ~ 2 dəqiqəlik oxu 209
Berndə Azərbaycanın qaçqın və məcburi köçkünlərinə həsr edilmiş ictimai kampaniya keçirilib - FOTO

2019-cu il iyunun 15-i qeyd olunan İsveçrə Milli Qaçqınlar Günündə İsveçrə Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin iştirakı ilə Azərbaycan qaçqınları və məcburi köçkünlərinə  həsr olunmuş ictimai məlumatlandırma kampaniyası keçirilib.

1news.az-a səfirlikdən verilən məlumata görə, bu ictimai məlumatlandırma kampaniyası Milli Qaçqınlar Günündə İsveçrə cəmiyyətinin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranan Azərbaycanın qaçqın və məcburi köçkünlərinə yönəltmək üçün Azərbaycanın İsveçrədəki səfirliyinin diaspora ilə birgə planlaşdırdığı silsilə tədbirlərdən biridir.

Bern şəhərinin mərkəzi “Weizenhausplatz” meydanında baş tutan kampaniya çərçivəsində Azərbaycan qaçqınlara və məcburi köçkünlərinə  həsr olunmuş məlumat stendi quraşdırılıb və “İsveçrəli uşaqların azərbaycanlı qaçqın uşaqlar üçün rəsm çəkməsi” kampaniyası keçirilib.

Vurğulanmalıdır ki, “İsveçrə Qaçqınlar Şurası” kampaniya çərçivəsində paylanan məlumat vərəqələrində öz loqosundan istifadə edilməsinə icazə verib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan Azərbaycan qaçqınları barədə həqiqətlər ictimaiyyətə “İsveçrə Qaçqınlar Şurası”nın loqosu ilə çatdırılıb, bu isə bu məlumatlandırma kampaniyasının təsir gücünü artırıb. Qeyd edilməlidir ki, sözügedən tədbir barədə İsveçrə Qaçqınlar Şurasının rəsmi internet səhifəsində də məlumat yerləşdirilib.

Tədbir çərçivəsində yerli ictimaiyyətə Azərbaycan qaçqınları barədə broşürlər vasitəsilə məlumat verilib, Azərbaycan qaçqınlarına həsr olunan rəsm əsərləri sərgilənib, İsveçrədə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri, eləcə də digər isveçrəli uşaqlar tərəfindən Azərbaycanın qaçqın və məcburi köçkünləri mövzusunda rəsmlər çəkilib.

Rəsm çəkməmişdən öncə uşaqlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan qaçqın və məcburi köçkünlərinin həyat hekayəsi ilə tanış olmağa dəvət edilib. Tədbir Bern şəhərinin sakinləri tərəfindən maraqla qarşılanıb, kampaniya vaxtı çəkilən rəsmlərin daha sonra Azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlara çatdırılması nəzərdə tutulur. Bundan başqa, isveçrəli uşaqlar və ailələrinə Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə həmrəylik rəmzi olaraq üzərində “Azərbaycan qaçqınları və məcburi köçkünləri” yazılarının həkk olunduğu şarlar paylanıb.

1news.az

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net