Mətbuatımızın Şirməmməd Hüseynov zirvəsi | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuatımızın Şirməmməd Hüseynov zirvəsi

16:00 - 25 / 06 / 2019
Mətbuatımızın Şirməmməd Hüseynov zirvəsi

Məlum olduğu kimi, Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov vəfat edib.

1news.az xəbər verir ki, Prezident təqaüdçüsü dünən axşam saatlarında 95 yaşında dünyasını dəyişib.

Şirməmməd müəllim Uca Allahın ona bəxş etdiyi zəkadan, istedaddan olduqca səmərəli istifadə edib və 95 illik ömründə ağlı kəsəndən bəri bir dəqiqəsini belə boşa verməyib. Nə mal-dövlətdə, nə rütbədə, nə vəzifədə, nə bir mükafatda gözü olmadan gecəsini gündüzünə qatıb və hətta bacaracağından da artıq işlər görüb.

Bəlkə də çoxlarının xatirindədir, 1988-ci ildə erməni cəlladları xalqımıza qarşı növbəti qətliam planı həyata keçirməyə hazırlaşarkən, Şirməmməd müəllim Azərbaycan xalqını bu barədə məlumatlandırmaqdan ötrü ermənilərin nə qədər riyakar, minsifətli, qəddar, təxribatçı və yalançı olduqlarını öz olduqca ətraflı, mənalı çıxışları ilə bəyan eləyirdi. O vaxt bir sıra “beynəlmiləlçilər” Şirməmməd müəllimi araqızışdıran adlandırırdı. Lakin az zaman keçmədən o adamlar Şirməmməd müəllimin nə qədər uzaqgörən, nə qədər dərin düşünən bir ziyalı olduğunu gördülər.

XIX-XX yüzillərin mətbuatını diqqətlə oxuyub incələyən alimlərimizin, mətnşünasların sayının get-gedə azaldığı bir dönəmdə Şirməmməd müəllim bütün enerjisini Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) və ona qədərki demokratik mətbuatın araşdırılmasına, mətnlərin bərpasına və çapına verdi. Xüsusən milli ideologiyamızın liderlərindən, cümhuriyyətin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin bir çox əsəri məhz onun qeyrəti, inadkarlığı ilə aşkarlanıb mətbuat səhifələrinə çıxarıldı.

Məhəmməd Əmin Rəsulzadə irsi çox zəngin və çoxtərəflidir. Onun toplanması və nəşri bir elmi institutun işidir. Lakin Şirməmməd Hüseynov bu işlə on illər boyu təkbaşına məşğul olub.

Şübhəsiz ki, Şirməmməd müəllimin Məhəmməd Əmin Rəsulzadəyə olan sevgisi Məhəmməd Əmin bəyin Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədir.

Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadəyə beş dənə kitab həsr edib. Bu kitablar həm də Məhəmməd Əmin Rəsulzadəyə böhtan atanlara, onu sevməyənlərə, onun haqqında cürbəcür şaiyələr yayanlara bir mesajdır. Çünki Şirməmməd Hüseynov bu beş kitabda heç bir şeyi özündən uydurmayıb. Tarixi sənədlərə və arxiv materiallarına əsasən bunları qələmə alıb.

Onu da qeyd etmək lazımdır ki, Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadəyə aid bütün yazıları öz vəsaiti, daha doğrusu maaşı hesabına çap elətdirib.

Xalq şairi Sabir Rüstəmxanlının Şirməmməd müəllimlə bağlı aşağıdakı xatirəsi onun necə dürüst, vicdanlı bir insan olduğunu göstərir:

“Universitetin filologiya fakültəsinin əlaçı və fəal tələbələrindən olduğuma görə dekan müavini Şirməmməd müəllimlə səmimi münasibətlərimiz vardı.

Ədəbiyyat dərnəklərindən tanıdığım, orda coşqun çıxışlar edən Abbas adlı bir yoldaş bir gün mənə yaxınlaşıb “Sənə bir işim düşüb” dedi. Abbas jurnalistikada oxuyurdu, arada ciddi bir yaxınlığımız da yoxdu, nə işi düşə bilərdi mənə? “Buyur!” dedim. Onun xahişi məni təəccübləndirdi. “Şirməmməd müəllim mənə qiymət vermir, heç kimi də eşitmir. Sənin xətrini istəyir, bəlkə mənim xahişi edəsən. Tələbələrə qarşı daha diqqətlidir, səni eşidər!” “Müəllimləri də eşitmirsə, mənim deməyimin nə faydası?” deyib boyun qaçırmağa çalışdım. Abbas əl çəkmədi.

Axırda məcbur edib, utana-utana Şirməmməd müəllimdən Abbasa qiymət yazmasını xahiş etdim.

Mənim bu ərkim və cəsarətimdən əsəbiləşmədi, ancaq söhbətə xitam verən bir şəkildə “O mümkün deyil!” dedi.

Mən də əl çəkmədim: “Niyə?” deyə soruşdum və Şirməmməd müəllimə Abbası niyə müdafiə etməyimin səbəblərini izah etməyə çalışdım! “Dərnəkdən tanıyıram, millətini sevən, qeyrətli oğlandır”.

Şirməmməd müəllim: “Sənin öz yoldaşının xahişini eləməyə pis baxmıram. Ancaq öyrənməsə qiymət verməyəcəyəm. Yadında saxla, nə qədər qeyrətli olur-olsun, savadı, biliyi yoxsa, bir gün biqeyrət olacaq. Qeyrətini göstərmək üçün gərək ağlı, biliyi olsun, yoxsa hər yerdə burnundan vurub oturdacaqlar yerində, yavaş-yavaş olacaq gözüqıpıq, biqeyrət”.

Şirməmməd müəllim böyük alim, tədqiqatçı olmaqla yanaşı həm də sadiq dost və gözəl insan idi. Bu baxımdan onun unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadə ilə dostluğu dediklərimizin təsdiqidir. Bəxtiyar müəllimin Bakıdakı və Şəkidəki evlərində ən çox və ardıcıl gördüyüm ürək sirdaşlarından biri Şirməmməd müəllim idi. Bütün söhbətlərinin başında da Vətən, Millət, Azadlıq, Ədalət, milli problemlərimizin həlli və s. dayanırdı.

Şirməmməd müəllim həm də uzun illərdir ki, nümunəvi bir pedaqoq idi. O, 1954-cü ildən, yəni M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin Elmi Şurasında həmin universitetin mətbuat tarixi kafedrasının müdiri, professor A.Portyanskinin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi alıb doğma vətənə dönəndən sonra Azərbaycan Dövlət Universitetində filologiya fakültəsinin jurnalistika kafedrasının baş müəllimi kimi çalışmağa başlayıb, sonra dosent kimi işləyib, 1962—1969-cu illərdə ADU-da filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə jurnalistika fakültəsininin dekanı, 1976-1980-ci illərdə mətbuat tarixi və ideoloji metodları kafedrasının müdiri olub.

Ömrününü son illərində Bakı Dövlət Universitetində professor kimi çalışıb. O, bu illər ərzində vətənə, torpağa, xalqa, millətə, dövlətə ləyaqətlə xidmət edən yüzlərlə elm adamı yetişdirib. Şirməmməd müəllim artıq aramızda olmasa da inanırıq ki, onun yetişdirdiyi bu insanlar onun şərəfli yolunu layiqincə davam etdirəcəklər.

Allah rəhmət eləsin!

1news.az

Paylaş:
1784

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər