Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
Azərbaycan nümayəndə heyəti 25-27 apreldə İqtisadi Əməkdaşlıq Təşkilatının 2024-cü il üçün turizm paytaxtı seçilən Özbəkistanın Şəxrisəbz şəhərində “Turizm günləri” tədbirində iştirak edir.
1news.az xəbər verir ki, tədbir çərçivəsində təşkil olunan “Şəxrisəbz 2024 – İƏT-in turizm paytaxtı” forumunda çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanla İƏT-ə üzv olan ölkələr arasında turizm əlaqələrinin inkişaf etdiyini, ötən il Azərbaycanla üzv ölkələr arasında 7200, bu ilin ilk rübündə isə 1500 birbaşa uçuşun həyata keçirildiyini bildirib.
O qeyd edib ki, 2023-cü il ərzində əsasən Türkiyə, İran, Qazaxıstan, Pakistan, Türkmənistan və Özbəkistandan olmaqla İƏT ölkələrindən ölkəmizə 730 000-dən çox ziyarətçi gəlib.
Eləcə də 1 milyondan çox Azərbaycan vətəndaşı daha çox Türkiyə, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistana olmaqla İƏT üzvü olan ölkələrə səfər ediblər.
K.Quluzadə 2026-cı il üçün Şuşanın təşkilatın turizm paytaxtı seçildiyini vurğulayaraq Qarabağın turizm imkanlarının tanıdılması istiqamətində vacib addım olduğunu bildirib.
Özbəkistan Turizm Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində təşkil edilən etno festival tədbirində Azərbaycan kulinariyası təqdim edilib.
Forumda üzv ölkələr arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə məsələlər müzakirə olunur.
Qeyd edək ki, növbəti həftə 2-3 may tarixlərində Bakıda ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin tur operatorlarının forumu təşkil ediləcək.