Yaqub Mahmudov: “Qriqorian kilsəsi erməni terror təşkilatlarının meydana gəlməsində birbaşa iştirak edib” | 1news.az | Xəbərlər
Siyasət

Yaqub Mahmudov: “Qriqorian kilsəsi erməni terror təşkilatlarının meydana gəlməsində birbaşa iştirak edib”

17:17 - 26 / 11 / 2020
Yaqub Mahmudov: “Qriqorian kilsəsi erməni terror təşkilatlarının meydana gəlməsində birbaşa iştirak edib”

“Xristian abidələrinin müdafiəçilərinə” bəyan edirəm ki, erməni vandalları keçmiş İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində Azərbaycan xalqına məxsus 300-dən çox məscidi, qəbristanlıqları, çoxsaylı tarixi abidələri yerlə-yeksan ediblər. Hazırda erməni vandallarının törətdiyi vəhşilikləri işğaldan azad edilən Qarabağ torpağında da görürük. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz, inək saxlanılıb. Bu, təkcə Azəbaycan xalqına deyil, bütün İslam aləminə ən ağır təhqirdir. Amma bütün bunlar bəzi Qərb dairələrini qəti maraqlandırmır və “xristianlığın müdafiəçiləri” susurlar!

Bunu 1news.az-a Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib.

Yaqub Mahmudov deyib ki, bu günlərdə içərisində Alen Delon, Pyer Rişar, Jan Renonun da yer aldığı 120-dən çox tanınmış fransız ermənilərə dəstək üçün imza toplayıb və tarixi faktın ziddinə gedərək onların Qarabağda 2 min ildən çox yaşadıqlarını iddia ediblər. Fransa prezidenti Makron isə həyasızcasına Qarabağda guya erməni mədəni və dini irsinin olduğunu bildirir. Görünən odur ki, bəzi Qərb dairələri açıq şəkildə erməni vandallarını müdafiə edirlər. Nə qədər təəccüblü olsa da, ermənilərin quyruğunda sürünən Qrebenşikov, Spivakov kimi bir qrup rusiyalı mədəniyyət xadimi də UNESCO-ya müraciət edərək, Qarabağdakı xristian abidələrinin qorunmasını xahiş ediblər. Təəssüf ki, Azərbaycana qarşı təxribatlar bitmir ki, bitmir! Və Makrondan ilhamlanan Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsi qəbul olunub. Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa nəhayət ermənipərəst mövqeyini açıq şəkildə sərgilədi!

Tarixçi alim qeyd edib ki, Azərbaycanın bütün tarixi abidələri, o cümlədən kilsələr dövlət tərəfindən qorunur: “Ermənilər öz məzhəblərindən, yəni qriqorianlıqdan başqa bütün dinlərin düşmənidir. Onlar Qarabağdakı pravoslav kilsəsini də dağıdıblar. Beləliklə, UNESCO-ya müraciət edən ermənipərəst ziyalıların ad-sanı bir qara qəpiyə də dəyməz!”

“Prezident İlham Əliyev Vətən müharibəsində tarixi qələbə qazanmaqla “Dağlıq Qarabağ problemi”ni çözdü! Ali Baş Komandan ermənilərin Dağlıq Qarabağın statusu ilə bağlı iddialarını gündəlikdən çıxararaq, onların “Artsax” layihəsini darmadağın etdi! Amma bəzi dairələr erməni vandallarını müdafiə edir və Azərbaycan Alban kilsələrini erməni kilsələri kimi dünyaya təqdim edirlər. Bu isə ermənilərin əsassız ərazi iddialarına yol açır. Prezidentimiz haqlı olaraq bəyan edir ki, qədim Azərbaycan dövləti olan Albaniyaya aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir”, - deyə akademik bildirib.

Yaqub Mahmudov qeyd edib ki, Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır: “Albaniyanın saf və əsl tarixi Kəlbəcərdədir. Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “alban türkləri” - “ağvan müsəlmanları”, “Alban Arşaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.

Orta əsrlərdə Şərqin müsəlman dövlətlərinə qarşı məkrli siyasət yeridən Avropa xristian dövlətləri erməni-qriqorian kilsəsini himayə ediblər. 1441-ci ildə Azərbaycan hökmdarı Cahanşahın icazəsi ilə erməni katolikosluğunun mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycanın İrəvan şəhəri yaxınlığındakı qədim Azərbaycan-Alban monastırı Üçkilsəyə köçürüldüyü zaman Alban kilsəsinin artıq 1400 ildən çox yaşı var idi. I əsrdə Müqəddəs Yeliseyin təşəbbüsü ilə Şəkinin Kiş kəndi ərazisindəki qədim ziyarətgahın yerində Albaniyanın və bütövlükdə Qafqazın ilk xristian məbədi inşa edilib. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın digər bölgələri ilə yanaşı, Qarabağa ermənilərin kütləvi surətdə köçürülməsi ilə Alban kilsəsinin ən faciəli illəri başlandı. Və erməni-qriqorian kilsəsinin təzyiqi ilə 1836-cı ildə çar Rusiyası Alban kilsəsini ləğv etdi, kilsənin maddi-mədəni irsinə nəzarət isə qriqorian kilsəsinin ixtiyarına keçdi. Beləliklə, erməni millətçilərinin Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları qaldırmaları üçün zəmin yaradıldı.

Saxta erməni tarixini uyduran, ermənilərin tarixində dövlət rolunu oynayan məhz qriqorian kilsəsi olub. Bu kilsə erməni terror təşkilatlarının meydana gəlməsində və formalaşmasında birbaşa iştirak edib, xalqımıza qarşı soyqırımlarına, o cümlədən Xocalı soyqırımına “göz yumub”. Müasir dövrdə isə bunun sübutu I Qarabağ müharibəsində azərbaycanlıları qətlə yetirən keşiş Ovannisyanın yeni yayılan əli silahlı fotosudur.

Sübut edilib ki, ermənilər Qafqaza, o cümlədən Şimali Azərbaycana gəlmə xalqdır. Onlar buraya çar Rusiyası tərəfindən köçürülüb gətirilmişdir. Bu fakt antropoloji, yazılı və digər qrup qaynaqlarla, o cümlədən yüzlərlə arxiv sənədi ilə təkzibedilməz şəkildə sübut olunub”.

Qafar Ağayev

Paylaş:
633

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər