Milli Məclisin yaz sessiyası başa çatdı | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin yaz sessiyası başa çatdı

18:02 - 31 / 05 / 2020
Milli Məclisin yaz sessiyası başa çatdı

Mayın 31-də Milli Məclisin növbəti plenar iclası keçirildi.

1news.az-ın verdiyi xəbərə görə, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə 12 məsələ daxil edilib. 

Gündəliyin təsdiqindən sonra millət vəkilləri cari məsələləri müzakirə etdilər.  Parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan  Nizami Səfərov,  Müşfiq Məmmədli,  Cavid Osmanov,  Bəhruz Məhərrəmov,  Əli Hüseynli,  Şahin İsmayılov,  Əli Məsimli,  Müşfiq Cəfərov, Etibar Əliyev ölkə gündəmində olan vacib məsələlərdən söz açdılar, qeyd və təkliflərini verdilər. Sonra gündəliyin birinci məsələsinin müzakirəsinə başlandı. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir  Mirkişili “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsi barədə məlumatında bildirdi ki, bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə yüksəlməsi üçün çox vacibdir və ölkəmizin iqtisadi maraqlarına uyğundur. Komitə  sədri qeyd etdi ki, ötən ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur. Keçən dövr ərzində qardaş ölkə ilə Azərbaycan  arasında xarici ticarət dövriyyəsi 33 faiz artmışdır. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracı 36 faiz artıb. Azərbaycan Türkiyə ilə  xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1,2 milyard dollara çatmışdır. Qeyd olundu ki, Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında da mühüm rol oynayacaq. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəaların  öz əksini tapdığı da vurğulandı.  Sənəd  səsə  qoyularaq  qəbul edildi. 

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin vacib və əhəmiyyətli məsələləri əhatə  etdiyini vurğuladı. Qeyd olundu ki, bu sənəd ölkələrimiz arasında dostluq və əməkdaşlığı möhkəmləndirməklə yanaşı, Azərbaycan və Türkiyə vətəndaşlarının səfərlərini də asanlaşdıracaq. Saziş hər iki tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcək. Yəni tərəflərin vətəndaşlarına məxsus pasportların ölkəyə giriş tarixindən etibarən ən azı 6 ay etibarlılıq müddəti olmalıdır və qonşu ölkədə vizasız maksimum qalma müddəti 90 gün nəzərdə tutulur. Ətraflı müzakirələrdən sonra  sənəd səsə  qoyularaq  təsdiqləndi. 

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” barədə sənədi şərh etdi. Komitə sədri bildirdi ki, qanun layihəsi Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirməyə, iki ölkə arasında təhlükəsizlik üzrə əməkdaşlığın daha da gücləndirilməsinə  xidmət edəcək, ordumuzun inkişafına töhfə verəcək.  Sənədlə əlaqədar Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da fikirlərini bildirdi. Qanun layihəsi  səsə qoyularaq qəbul edildi. 

Sonra Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə sənədi təqdim edərək bildirdi ki, Protokol iki ölkə arasında  qarşılıqlı əməkdaşlığın əhatə dairəsini bir qədər də genişləndirməkdən ibarətdir.  Bu sıraya insan alveri, casusluq və təxribat, məcburi əmək və qanunsuz miqrasiya, dini radikalizm zəminində törədilən cinayətlər, qiymətli kağızların saxtalaşdlırılması, orqanların, toxumaların və  hüceyrələrin  qanunsuz dövriyyəsi, mülkiyyət əleyhinə, vətəndaşların  sağlamlığı, şərəf və ləyaqəti əleyhinə  edilən cinayətlərlə mübarizə məsələləri  daxil edilmişdir.   Sənəd  səsə  qoyularaq  təsdiqləndi. 

Fasilədən sonra müzakirələr davam etdirildi. Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycanın Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycandakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq  edilməsi barədə danışaraq dedi ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərini daha da inkişaf etdirmək, qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin fəaliyyəti üçün əlverişli şərait yaratmaq məramına xidmət edir.  Sənəd  səsvermə  yolu ilə təsdiqləndi. 

Sonra  Tahir Mirkişili  “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolda ehtiva olunan əlavə və dəyişikliklər  barədə məlumat verdi. Bildirildi ki, sənəd ölkələrimiz arasında avtomobil əlaqəsinin asanlaşdırılmasına, həmçinin bu iki dövlətin ərazisindən üçüncü ölkələrə tranzit üçün əlverilşli şəraiti təmin etməyə yönəldilib.  Səməd Seyidov da  sənədin Azərbaycanın milli maraqlarına uyğun olduğunu vurğuladı və Protokol  səsvermə yolu ilə qəbul edildi. 

“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirdi ki, qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır. “Üzümçülük və şərabçılıq haqqında” 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli qanunla xüsusi ad verilən şərabçılıq məhsulunun dövlət reyestrində qeydiyyatı və dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarının attestasiyası sistemi ləğv edildiyindən “Dövlət rüsumu haqqında” qanunun müvafiq maddələrinin ləğvi təklif olunur. Bununla da şərabçılıq məhsullarına adların verilməsi dövlət rüsumu tutulmaqla “Üzümçülük və şərabçılıq haqqında”  haqqında qanunla müəyyən edilmiş qaydada yalnız ekspertiza yolu ilə tənzimlənəcəkdir. Sənəd  səsvermə  yolu ilə təsdiq  edildi. 

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Yeyinti məhsulları haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə sənədi  təqdim etdi. Bildirildi ki, sənədlərə təklif olunan dəyişikliklər  bu sahə ilə əlaqədar bəzi  normativ aktlara, eləcə də  “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında”  qanuna uyğunlaşdırma  məqsədi ilə hazırlanıb. Qanun layihəsi  səsə  qoyularaq  təsdiqləndi. 

İclasda Mülki Məcəllədə və Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) də  müzakirə  edildi. Sənəd  səsə qoyularaq  qəbul edildi. 

Sonra birinci oxunuşda İnzibati Xətalar Məcəlləsində  dəyişikliklər  edilməsi barədə  qanun layihəsi müzakirə  edildi.  Sənədi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin üzvü  Fəzail Ağamalı təqdim etdi.  Bildirildi ki, ölkəmizdə karantin rejimi bir qədər yumşaldılması  cəmiyyətdə  bəzi  vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, ictimai  yerlərdə  sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi  ciddi narahatlıq doğurur.  Bununla əlaqədar mayın 9-da Nazirlər  Kabineti “Karantin rejimində tənəffüs  yollarının qoruyan tibbi maskalardan istifadə qaydalarının tətbiqi ilə əlaqədar” qərar verdi. Millət  vəkili qeyd  etdi ki, Məcəlləyə  edilən dəyişikliklər  həmin hüquqi addımların davamıdır. Pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını  müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Dəyişikliyə əsasən, karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək. 

Qanun layihəsi ətrafında müzakirələr  aparıldı. Millət  vəkilləri  Fazil Mustafa, Razi Nurullayev, Azay Quliyev, Şahin İsmayılov,  Qüdrət Həsənquliyev, parlamentin komitə sədrləri Siyavuş Novruzov, Əhliman Əmiraslanov  sənədin hazırkı dövr  üçün  olduqca zəruri, mühüm əhəmiyyətə malik olduğunu vurğuladılar, faydalı təkliflərini bildirdilər.  İnzibati Xətalar  Məcəlləsinə edilən dəyişikliklər  birinci oxunuşda  qəbul edildi.  

Milli Məclisin Sədri Sahibə Qafarova sənədlə əlaqədar çıxış edərək bildirdi ki,  82 millət  vəkilinin müraciəti ilə qanunvericiliyə uyğun olaraq parlamentin növbədənkənar sessiyası  keçirilməsi ilə bağlı sərəncam imzalayıb. İyunun 1-də  və 2-də keçirilən bu iclaslarda dəyişikliklərin ikinci və üçüncü oxunuşlarda  müzakirəsi  də  aparılacaq. 

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev  “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) məlumat verdi. Bildirildi ki, qanunun 5 maddəsinə 11 dəyişiklik edilib və 10-cu maddə yeni redaksiyada verilib. Dəyişikliklərin hamısı humanist məqsədlərə xidmət edən, yoxsul insanların dövlət yardımına əlçatanlığını daha da genişləndirən müddəalardır. Sənəd ölkə Prezidentinin ünvanlı sosial yardımın çevrəsini daha da genişləndirmək, əlçatanlığı asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə tövsiyələri əsasında hazırlanıb. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə tam və düzgün məlumat verməlidir. Sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Maddədə digər vacib məqamlar da öz əksini tapıb. Təklif olunan dəyişikliklər növbəti illərdə ünvanlı dövlət sosial yardımın və özünüməşğulluq proqramlarının genişləndirilməsini, həmçinin aktiv özünüməşğulluğa yönləndirilməsini təmin edəcək. Sənəd  səsə  qoyularaq  qəbul  edildi. 

Sonra Hüquq  siyasəti və dövlət  quruculuğu komitəsinin üzvü  Nizami Səfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) haqqında məlumat verildi. Bildirildi ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb.  Deputat bildirdi ki, qanunun birinci oxunuşda  müzakirəsi zamanı  təklif olunan bəzi təkliflər nəzərə alınıb. Dəyişikliklərə əsasən infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin tələbatına uyğunlaşdırılması nəzərdə tutulur. Bu  sənəd  də  səsvermə yolu ilə təsdiqləndi. 

Sonra Milli Məclisin Sədri xanım Sahibə Qafarova çıxış edərək dedi ki, bu gün yaz sessiyasının sonuncu iclasıdır, növbədənkənar sessiyanın keçirilməsi də nəzərdə tutulur. 

Spiker yaz sessiyasının yekunları barədə deputatlara məlumat verərək söylədi ki,  6-cı çağırış Milli Məclisin yaz sessiyasında 12 iclas keçirilmiş, 123 qanun və qərar, o cümlədən, 2 Konstitusiya Qanunu qəbul edilmişdir. Parlamentdə Prezident cənab İlham Əliyevin martın 10-da Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi üçün ardıcıl tədbirlər görülmüşdür. Ölkə başçısının başladığı  əsaslı və hərtərəfli islahatların tərkib hissəsi kimi parlamentin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların təmsilçilərinin yer alması ölkənin siyasi sistemində təşəkkül tapan yeni konfiqurasiyanın mühüm tərkib hissələrindən birini təşkil edir. 

Qeyd edildi ki, yaz sessiyasının ilk günündən Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur və kadr islahatlarına başlanılmış, Aparatın və İşlər İdarəsinin yeni strukturu, ştat cədvəli  müəyyən edilmiş, bir sıra dövlət qulluqçuları ixtisar edilmişdir. Milli Məclis Aparatında 13 şöbə əvəzinə 9 şöbə, İşlər İdarəsində isə 9 şöbə əvəzinə 4 şöbə saxlanılmışdır. Yeni bir şöbə - İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılmışdır ki, bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətləri arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir. Sədr çıxışında belə bir inamı ifadə etdi ki, islahatlar parlamentin işinin daha səmərəli surətdə təşkil və təmin edilməsinə kömək göstərəcəkdir. 

Bildirildi ki, Milli Məclisin iclaslarında Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabat və məruzələri dinlənilmişdir. Parlamentin fəaliyyətində yeni tendensiyalardan biri qanun layihələri ilə bağlı ictimai dinləmələrin keçirilməsinə geniş yer verilməsi olmuşdur. Təcrübə göstərir ki, bu cür dinləmələr  qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin səriştəli şəkildə həll edilməsinə və nəticə etibarı ilə layihələrin keyfiyyətinin yüksəlməsinə kömək göstərir. 

Spiker daha sonra dedi ki, dövlət başçısının birbaşa rəhbərliyi və nəzarəti altında ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə Milli Məclis yaxından iştirak edir. Parlamentdə xüsusi iş qaydası tətbiq edilmişdir. Milli Məclisin iclaslarında deputatlar 2 metr ara məsafəsi saxlanılmaqla və hər sırada 1 nəfər olmaqla tibbi maska ilə əyləşirlər. Komitə və komissiyaların iclasları onlayn rejimdə keçirilir. Lazımi texniki imkanlar yarandıqdan sonra Milli Məclisin plenar iclaslarının da internet üzərindən keçirilməsi mümkün olacaqdır. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla mübarizəyə dəstək fonduna Milli Məclisin deputatları və əməkdaşları 250 min manatdan çox vəsait köçürmüşlər. Milli Məclisin iclasında deputatlar koronavirus pandemiyasına qarşı mübarizədə peşə və vətəndaşlıq borclarını şərəf və vicdanla yerinə yetirən Azərbaycan həkimlərini və tibb işçilərini, polis və gömrük xidməti əməkdaşlarını, sərhəd qoşunlarının əsgər və zabitlərini alqışlayaraq, sayğı duruşunda dayanmışlar. Bu tədbirə həsr edilən sosial videoçarx bir neçə gün ərzində müxtəlif televiziya kanallarında nümayiş etdirilərək, pandemiyaya qarşı mübarizədə fədakarlıq göstərən peşə sahiblərinə cəmiyyətin hörmətinin artırılması baxımından böyük tərbiyəvi əhəmiyyət daşımışdır. Mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanmış qanvermə aksiyasında Milli Məclisin deputatlarının və əməkdaşlarının fəal iştirakı olmuşdur. Artıq müntəzəm xarakter alan bu humanist aksiya cəmiyyətdə böyük rəğbətlə qarşılanır. 

Həmişə olduğu kimi, Azərbaycan tarixinin həm əlamətdar, həm də kədərli günlərinə Milli Məclis öz münasibətini bildirmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi ərəfəsində keçirilən iclasda bu dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlər minnətdarlıq hissi ilə anılmışdır. 

Bildirildi ki, Milli Məclisin iclasında faşizm üzərində qələbənin 75 illiyindən söhbət açılmış, xalqımızın oğul və qızlarının döyüş meydanlarında qəhrəmanlığına, arxa cəbhədə fədakarlığına hörmət və sayğı ifadə edilmişdir. 

Mayın 7-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri xanım Valentina Matviyenkonun təşəbbüsü ilə Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümünə həsr edilən videokonfrans keçirilmiş, burada müxtəlif ölkələrdən 17 iştirakçı, o cümlədən 7 ölkənin parlament sədrləri çıxış etmişlər. Sədr dedi ki, videokonfransda mən öz çıxışımda ölkəmizin qələbəyə verdiyi böyük töhfələrdən danışdım, bu gün Ermənistanda tarixin saxtalaşdırılmasına, müharibə canilərinin qəhrəmanlaşdırılmasına qarşı kəskin etirazımı bildirdim.   

Spiker vurğuladı ki, Milli Məclisin iclasında tariximizin faciəli səhifələri olan 31 mart – azərbaycanlıların soyqırımı günü, eləcə də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ildönümü qeyd olunmuş, erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuş günahsız insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. İclasımızda biz yeni bir formadan istifadə etdik. Ata-baba yurdunun həsrəti ilə yaşayan şuşalı gənc qız parlamentin iclasında xalqımıza və dünyaya müraciət etdi. 

Sədr daha sonra dedi: “Mən möhtərəm Prezidentimizin Milli Məclisin birinci iclasında söylədiyi nitqdən sitat gətirmək istəyirəm. Cənab Prezident demişdi: “Əlbəttə ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda biz fəal olmalıyıq, hücum diplomatiyası aparmalıyıq, çünki haqq-ədalət bizim tərəfimizdədir. ...Bizi təmsil edən deputatlar fəal olmalıdırlar. Hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə görüşmüsən, hansı məsələni qaldırmısan. Biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq”.  

Məhz bu mülahizələrə əsaslanaraq, Milli Məclis xalqımızın sıravi bir nümayəndəsini, didərginliyin ağrı-acısını hər gün  yaşayan insanların təmsilçisini yüksək kürsüyə dəvət etdi və onun səsi ilə dünyaya xitab etdi. Bu çıxış ölkə və dünya mediasında geniş əks-səda doğurdu. Dünya erməni şovinizminin hansı faciələr törətdiyinin bir daha şahidi oldu.”

Parlamentin Sədri öz çıxışında vurğuladı ki, koronavirus pandemiyası Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyinə də öz təsirini göstərmişdir. Xarici səfərlər, qonaqların qəbulu müvəqqəti dayandırılmışdır. Amma parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimizin başçıları öz həmkarları ilə onlayn rejimdə bir sıra görüşlər keçirmiş və müzakirələr aparmışlar. 

Spiker daha sonra söylədi ki, mayın 15-də Milli Məclisin plenar iclas salonunda  Milli Məclis Aparatının rəhbəri və digər məsul şəxsləri ilə birlikdə Bakı, Sumqayıt və Abşeronun seçki dairələrindən seçilmiş deputatların köməkçiləri ilə görüş keçirilib. Görüşdə yeni təyin edilmiş köməkçilərin fəaliyyət istiqamətləri və vəzifələri barəsində geniş fikir mübadiləsi aparılıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin Milli Məclisin birinci iclasında verdiyi tövsiyələrə uyğun olaraq, deputatların təmsilçilk funksiyasının həyata keçirilməsində deputat köməkçilərinin rolu və vəzifələri göstərilib. Onlara tapşırılıb ki, dairələrdə vətəndaşların deputatlara təqdim etdikləri ərizə, şikayət və müraciətlərin müvafiq icra orqanlarına çatdırılmasını təmin etsinlər, deputatların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə fəallığı barədə hesabatları hazırlayıb Milli Məclisin yeni şöbəsinə təqdim etsinlər ki, ölkənin və Milli Məclisin rəhbərliyi bu barədə  məlumatlı olsunlar.   

Çıxışının sonunda Parlamentin Sədri Milli Məclisin 2020-ci il yaz sessiyasını bağlı elan etdi. 

Dövlət himni səsləndirildi və yaz sessiyası öz işini başa çatdırdı. 

S.Xankişiyeva

Paylaş:
651

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər