Nərgiz Paşayeva Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun yeni müdiri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərgiz Paşayeva Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun yeni müdiri ilə görüşüb

11:25 - 11 / 11 / 2015
Nərgiz Paşayeva Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun yeni müdiri  ilə görüşüb

Professor Robert Hoyland: Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi bu gün Böyük Britaniyada Azərbaycanı öyrənən rəsmən tanınmış, nüfuzlu və yüksək statusa malik yeganə elmi mərkəzdir

1news.az Azərtac-a istinadən xəbər verir ki, Böyük Britaniyada işgüzar səfərdə olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri, professor Nərgiz Paşayeva noyabrın 5-də universitetin Şərqşünaslıq İnstitutunun yeni təyin olunmuş müdiri, misirşünas professor Mark Smitlə Oksford Universitetinin Qriffit İnstitutunda (The Griffith İnstitute http://www.griffith.ox.ac.uk) görüşüb.

Qeyd edək ki, bu institut Oksford Universiteti ilə yanaşı, dünyanın misirşünaslıq üzrə aparıcı elmi tədqiqat mərkəzlərindəndir. Belə ki, burada Misir fironu Tutanxamonun sərdabasından tapılan arxeoloji materiallar və XIX əsrdə almaniyalı alimlərdən ibarət elmi ekspedisiyanın Misirdə apardığı tədqiqatların hesabatları saxlanılır.

Görüşdə professor Mark Smit professor Nərgiz Paşayeva ilə tanış olmaqdan məmnunluq hissi duyduğunu ifadə edib. Professor M.Smit Oksford Universitetinin artıq rəsmən qəbul edilmiş bir hissəsi olan Nizami Gəncəvi Mərkəzinin (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home) danılmaz əhəmiyyətindən danışıb və Mərkəzin fəaliyyəti üçün göstərdiyi səylərə görə azərbaycanlı alim, professor Nərgiz Paşayevaya minnətdarlığını bildirib. Azərbaycanın və Qafqaz bölgəsinin mədəni irsinin öyrənilməsinin universitetin Şərqşünaslıq İnstitutu üçün mühüm elmi əhəmiyyət kəsb etdiyini qeyd edən professor Mark Smit qısa dövr ərzində Mərkəzin Oksford Universitetində, eləcə də Qərbdə maraqla qarşılandığını diqqətə çatdırıb. O, Oksford Universitetinin elmi pedaqoji heyəti və universitet nəzdində fəaliyyət göstərən digər elmi mərkəzlərin və başqa ali təhsil ocaqlarının indi və gələcəkdə Nizami Gəncəvi Mərkəzi ilə birgə elmi nailiyyətlər əldə edəcəyinə inandığını vurğulayıb.

Öz növbəsində, Nərgiz Paşayeva professor Mark Smit ilə görüşməkdən məmnun olduğunu, Azərbaycan elmi irsinin dünya elmi müstəvisində təmsil olunmasında yeni səhifə açıldığını və Mərkəzin rəhbəri kimi üzərinə düşən bu ciddi və məsuliyyətli missiyanın həyata keçirilməsindən qürur duyduğunu bildirib. Xüsusilə qeyd edib ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi müstəqillik illəri ərzində ölkəmizin elm, təhsil sahəsində həyata keçirilən ən ciddi və davamlı beynəlxalq layihədir. Ölkəmizin tarixi və mədəni irsinin beynəlxalq səviyyədə daha geniş tanınması üçün dünya şöhrətli alimlər və tədris ocaqları tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan professor Nərgiz Paşayeva Oksford Universitetinin rəhbərliyinin ona və onun timsalında Azərbaycan elminə göstərdiyi belə yüksək etimada və marağa görə öz minnətdarlığını bildirib. Professor Nərgiz Paşayeva sovet dövründə Azərbaycan elminin belə imkanlardan tamamilə məhrum olduğunu və bu baxımdan yaranmış böyük boşluğun Mərkəz vasitəsilə aradan qaldırılmasının vacibliyini qeyd edib. Bundan əlavə, gələcəkdə Rusiya Federasiyasının nüfuzlu elmi ocaqları - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq Universiteti və İstanbul Universiteti ilə sıx əməkdaşlıq planlarının da Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyətində nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonra professor Nərgiz Paşayeva həmkarları, o cümlədən Nizami Gəncəvi Mərkəzinin işçi qrupunun üzvləri, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun aparıcı professorları Robert Hoyland və Edmund Herziq, habelə doktor Pol Vordsvors ilə Oksford Universitetinin məşhur Aşmolean Muzeyinin qonaq zalında görüşüb.

Nəinki Birləşmiş Krallığın, eləcə də Avropanın ən qədim və ilk muzeyi olan Aşmolean Muzeyi Oksford Universiteti nəzdində fəaliyyət göstərən muzeylərdən ən məşhuru və böyüyüdür. Muzeydə bəşər tarixi və mədəni irsinə aid bir çox qiymətli eksponatlar saxlanılır və xüsusi şəraitdə qorunur.

Görüşdən öncə Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniya tərəfindən rəhbəri professor Robert Hoyland professor Nərgiz Paşayevanı Aşmolean Muzeyinin Yaxın Şərq bölməsi ilə tanış edib və burada saxlanılan qədim arxeoloji tapıntılar və nadir tarixi eksponatlar haqqında geniş məlumatlandırıb. 1678-ci ildə təsis edilən Aşmolean Muzeyində eramızdan əvvəl IX minillikdən başlayaraq müxtəlif tarixi dövrlərə dair əşyalar, İntibah dövrünün inciləri, o cümlədən Rafaelə məxsus incəsənət əsərləri, Misir sivilizasiyasına aid nadir arxeoloji tapıntılar, qədim Yunanıstana aid Mineya kolleksiyası, Anqlo-Sakson xəzinələri və dünyanın bir çox maddi mədəniyyət nümunələri sərgilənir.

Görüş əsnasında işçi qrup tərəfindən Mərkəzin cari fəaliyyətinə dair məsələlər, o cümlədən Oksford Universitetinin alim və mütəxəssislərindən ibarət arxeoloji ekspedisiyanın Bərdədə bu ilin sentyabr ayında başa çatdırdığı qazıntıların ilkin nəticələri barədə geniş müzakirələr aparılıb. Heyətin rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun doktoru və Brasenose Kollecinin elmi tədqiqatçısı P.Vordsvors aparılan arxeoloji tədqiqatların nəinki Azərbaycan, bütövlükdə Qafqaz bölgəsinin tarix və mədəni irsinin öyrənilməsi baxımından yeniliklər vəd etdiyini diqqətə çatdırıb. Bildirib ki, yaxın gələcəkdə Bərdə Arxeoloji Ekspedisiyasının (BAE) heyəti Bərdə şəhərində aparılmış tədqiqatların nəticələri barədə Oksford Universitetində, daha sonra MDU-nun Bakı filialında geniş elmi hesabat, eləcə də ictimai təqdimatla çıxış etməyi planlaşdırır. O, əldə edilmiş maddi mədəniyyət nümunələrinin ekspedisiyanın ilkin rəyinə əsasən Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsi baxımından Qərbdə mövcud və məlum olan elmi biliklərə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, doktor Vordsvorsun başçılıq etdiyi arxeoloji ekspedisiya ilə bərabər Nizami Gəncəvi Mərkəzinin rəhbərləri professor R.Hoyland və professor N.Paşayevanın birgə təşəbbüsü ilə Britaniyanın “Sərhədsiz İrs” (Heritage Without Borders) təşkilatı Azərbaycanda ilk dəfə olaraq mədəni irsin qorunması məqsədilə Bərdə Arxeoloji Ekspedisiyasının işinə cəlb edilib. Bu təşkilat dünyanın müxtəlif bölgələrində bəşəriyyətin mədəni irsinin qorunması üçün aparıcı mütəxəssisləri bir araya gətirir və işlədiyi ölkələrdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi mədəniyyət nümunələrinin qorunması və mühafizəsini təşkil edərək, gələcək nəsillərə ötürülməsini təmin edir. Məhz bu məqsədlə Bərdə Arxeoloji Ekspedisiyası çərçivəsində “Sərhədsiz İrs” təşkilatının qəyyumlar şurasının üzvü və rəhbəri, arxeologiya üzrə mütəxəssis doktor Dominika D’arkangelo bu il sentyabrın 15-20-də professor Nərgiz Paşayevanın dəvəti ilə Bakıda və Bərdədə işgüzar səfərdə olub. Doktor D’arkangelo səfər zamanı Mərkəzin arxeoloji ekspedisiyasının Bərdədə apardığı qazıntılar ilə yaxından tanış olub və arxeoloji tapıntıların qorunması və mühafizəsi ilə bağlı heyət üzvlərinə praktiki tövsiyələrini verib. Sonra paytaxtımıza qayıdan doktor D’arkangelo professor N.Paşayeva ilə görüşüb və Bərdə Arxeoloji Ekspedisiyasının işi, xüsusən aşkar edilən maddi mədəniyyət nümunələrinin konservasiyası və saxlanma üsulları haqqında ona məlumat verib. Daha sonra onlar Azərbaycan Tarixi Muzeyində olublar və orada muzeyin rəhbərliyi və işçi heyəti ilə fikir mübadiləsi aparıblar.

Doktor Vordsvors, həmçinin qeyd edib ki, “Britaniya Şurası” (British Council) təşkilatı da öz növbəsində Bərdə Arxeoloji Ekspedisiyasının işinə maraq göstərir və gələcəkdə bu təşkilatla əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi arzuolunandır. O, həmçinin vurğulayıb ki, bu günə qədər Bərdə şəhərinin tarixi, onun Qafqaz Albaniyasının mədəni-iqtisadi, hərbi-inzibati mərkəzi olduğu dövrə aid bir sıra məsələlər bəzən yetərli dərəcədə sübutlu, möhkəm elmi faktlar olmadan araşdırılıb və Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin dəstəyi ilə qədim mənbələrin əsasında ciddi elmi-akademik tədqiqatların aparılmasına böyük ehtiyac duyulur.

Həmçinin çox dəyərli faktdır ki, Bərdə Arxeoloji Ekspedisiyasının ilkin tapıntıları haqqında rəsmi elmi hesabata dair məruzə etmək üçün P.Vorsdvors bu il noyabrın 18-21-də Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzini təmsil edərək ABŞ-ın Şərqşünaslıq üzrə Tədqiqatlar İnstitutunun (ASOR – “American Schools of Oriental Studies” http://www.asor.org/about/index.html) dəvəti ilə Corciya ştatının Atlanta şəhərində keçiriləcək illik konfransa dəvət olunduğunu və bu beynəlxalq tədbirdə iştirak edəcəyini diqqətə çatdırıb.

Qeyd olunmalıdır ki, “ASOR” 1900-cu ildə ABŞ-ın Harvard, Prinston, Yeyl, Kolumbiya və digər mötəbər universitetlərinin şərqşünaslıq sahəsində tədqiqatların aparılması məqsədilə birgə təsis edilmiş nüfuzlu elmi-tədqiqat müəssisəsidir.

İşçi qrupun üzvləri Mərkəzin digər layihələrini də müzakirə ediblər. Akademik Yevgeni Bertelsin müəllifi olduğu “Dahi Azərbaycan şairi Nizami” kitabının ingilis dilinə tərcüməsinin sona çatdığını qeyd edən professor E.Herziq hazırda kitabın nəşrə hazırlandığını və gələn ilin əvvəlində çap olunacağını qeyd edib.

Öz növbəsində professor N.Paşayeva həmin kitabın ilk dəfə ingilis dilinə tərcümə edilməsini bildirərək onun ümumiyyətlə 1941-ci ildən bəri ilk dəfə yenidən nəşr olunacağını və bu layihənin Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin ilk tərcümə işi olmasından məmnunluq hissi keçirdiyini bildirib. İşçi qrupun üzvləri, həmçinin gələcəkdə Mərkəz tərəfindən ingilis dilinə tərcümə olunacaq digər kitabların siyahısını müzakirə ediblər.

Görüşü yekunlaşdıran Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Oksford Universiteti tərəfindən rəhbəri, professor R.Hoyland Mərkəzin ötən dövr ərzindəki fəaliyyətini müsbət dəyərləndirib: “Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi bu gün Böyük Britaniyada Azərbaycanı öyrənən rəsmən tanınmış, nüfuzlu və yüksək statusa malik yeganə elmi mərkəzdir”. O, belə bir ciddi elmi təşkilatın öz işlərini uğurla davam etdirməsində əzmkarlığa görə həmkarı N.Paşayevaya minnətdarlığını bildirib. 2016-cı ilin əvvəlində Oksford Universitetinin rəhbərliyi ilə nəzərdə tutulan görüşləri diqqətə çatdıran professor R.Hoyland Nizami Gəncəvi Mərkəzinin Azərbaycan haqqında Qərbdə mövcud olan elmi biliklərin zənginləşməsinə töhfə verəcəyinə əmin olduğunu söyləyib. Dünya şöhrətli Oksford Universiteti səviyyəsində Azərbaycanın adının uca tutulduğuna görə Mərkəzin yaranması və mövcudluğunu tarixi uğur kimi xüsusi qeyd edib. Professor R.Hoyland Oksford Universitetində Azərbaycanın mədəni və tarixi irsinin ciddi məkanda – Oksford Universitetində elmi əsaslarla öyrənilməsi üçün professor N.Paşayevanın ilk azərbaycanlı alim kimi irəli sürdüyü digər təşəbbüsləri də xüsusi olaraq vurğulayıb.

Professor Nərgiz Paşayeva Britaniyaya səfəri zamanı 2007-ci ildən həmsədr olduğu İngiltərə-Azərbaycan Cəmiyyətinin britaniyalı həmsədri Lord Germanla da görüşüb. Bu görüşdə Cəmiyyətin cari fəaliyyəti və layihələri geniş müzakirə edilib. Həmsədrlər M.V.Lomonosov adına MDU-nun Bakı filialının tələbələri arasında dahi ingilis şairi U.Şekspirin yaradıcılığına dair keçirilmiş inşa müsabiqəsinin nəticələrinə və Bülbül adına Bakı Musiqi Məktəbi ilə İngiltərənin ən qədim ixtisaslaşmış musiqi məktəblərindən sayılan Purcell Məktəbi arasında əməkdaşlığa dair məsələlərə toxunublar.

1962-ci ildə əsası qoyulan və İngiltərənin ən qədim ixtisaslaşmış musiqi məktəbi olan Purcell Məktəbi 2003-cü ildə UNESCO-nun Mosart mükafatını qazanıb və bu mükafat məktəbin himayədarı olan Şahzadə Çarlza təqdim edilib. Nərgiz Paşayevanın təşəbbüsü ilə Purcell Məktəbi ilə Bülbül adına Musiqi Məktəbi arasında əlaqələrin qurulması prosesinə başlanılıb və bu məktəblər arasında tələbə mübadiləsi imkanları müzakirə mövzusu olub.

Professor Nərgiz Paşayeva öz növbəsində Bülbül adına Musiqi Məktəbinin direktoru və iki azərbaycanlı şagird ilə Londona gələrək Purcell Məktəbini ziyarət edəcəklərini diqqətə çatdırıb və bunun ixtisaslaşdırılmış musiqi məktəbləri arasında gələcək əməkdaşlığa əlverişli zəmin yaradacağına ümidvar olduğunu söyləyib.

U.Şekspirin yaradıcılığına dair inşa müsabiqəsinə gəlincə, bu təşəbbüs N.Paşayevanın dəvəti ilə bu ilin fevral ayında Bakıya səfər edən Lord Germanla görüş zamanı irəli sürülüb. O zaman həmsədrlər MDU-nun Bakı filialında ingilis dili üzrə ixtisaslaşan bakalavr və magistr tələbələri ilə filologiya fakültəsində görüşmüşdülər. Görüşdə Nərgiz Paşayeva və Lord German qərara gəliblər ki, universitet tələbələri arasında dahi ingilis şairi Uilyam Şekspirin yaradıcılığına dair inşa müsabiqəsi keçirilsin. Cəmiyyətin sponsorluğu ilə inşa müsabiqəsinin qalibinin Şekspirin doğma şəhərinə – Statford apon Avona tanışlıq səfərinin təşkil edilməsi nəzərdə tutulub.

İnşa müsabiqəsinə dair aparılan işlərdən bəhs edən N.Paşayeva səkkiz tələbə tərəfindən yazılan inşanın artıq müsabiqə komissiyası tərəfindən qiymətləndirildiyini və bu günlərdə qalibin adının elan olunacağını bildirib. Nəticə olaraq həmsədrlər tərəfindən inşa müsabiqəsinin qalibinin U.Şekspirin vətəninə nəzərdə tutulan səfərinin 2016-cı ilin əvvəlində həyata keçirilməsi qərara alınıb.

Sonda həmsədrlər İngiltərə-Azərbaycan Cəmiyyətinin digər planlarından və layihələrindən bəhs ediblər.

Paylaş:
1354

Son xəbərlər

Bütün xəbərlər