“Azərbaycan dövlətçilik tarixində konstitusiyanın rolu” mövzusunda konfrans keçirilib
Bu gün Azərbaycan Tələbələr Birliyində (ATB) Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan dövlətçilik tarixində konstitusiyanın rolu” mövzusunda konfrans keçirilib.
1news.az Azərbaycan Tələbələr Birliyinin yaydığı məlumata əsaslanaraq xəbər verir ki, hüquqşünas tələbələrin, gənc elmi işçilərinin və QHT nümayəndələrinin iştirakı ilə keçirilən konfransın əsas məqsədi konstitusiyanın hüquqi dövlətimizin qurulmasındakı rolu, əhəmiyyəti və təbliği yolları barədə müzakirə etmək, habelə gələcək üçün yeni hədəfləri müəyyənləşdirməkdir.
Tədbirdə əsas müzakirə obyekti Azərbaycan dövlətçiliyi tarixində mövcud olan konstitusiyalar və bugünkü konstitusiyamızı fərqləndirən cəhətlərdir. Belə ki, 20 il bundan öncə qəbul edilmiş son konstitusiyamızın üstünlükləri, orada insan hüquq və azadlıqlarına geniş yer ayrılmasına, xüsusilə toxunulmuş, onun əvvəlki konstitusiyalarımızdan köklü şəkildə fərqləndiyi barədə söhbət açılıb.
ATB-nin sədri Elvin Aslanov bəzi tələbə-gənclərin konstitusiya və onun həyatımızdakı rolundan xəbərsiz olduğunu vurğulayaraq, bu ali sənədin öyrənilməsi üçün ciddi işlərin görülməsinə ehtiyac olduğunu qeyd edib. O, bu sahədə elmi işlərin hazırlanmasına, jurnalist araşdırmalarına, televiziya proqramlarına və digər maarifləndirici tədbirlərə ehtiyac olduğunu xüsusi vurğulayıb.
Sonda Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş videoçarx da nümayiş olunub.
1news.az