Pirallahı qəsəbəsini sahillə birləşdirən körpünün tikintisi başa çatır | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirallahı qəsəbəsini sahillə birləşdirən körpünün tikintisi başa çatır

09:54 - 11 / 11 / 2015
Pirallahı qəsəbəsini sahillə birləşdirən körpünün tikintisi başa çatır

Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirəcək yeni avtomobil körpüsünün tikintisi başa çatmaq üzrədir.

1news.az-ın “Azəryolservis” ASC-yə istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində yol ötürücüsünün dayaqları və istinad divarlarının tikintisi artıq başa çatıb. Hazırda körpüdə aşırım qurğusunun tikintisi tamamlanmaq üzrədir. Körpüdə beton işlərinin isə bu ayın sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən yol ötürücüsünün uzunluğu 710 metr, körpü hissəsinin uzunluğu isə 422 metrdir. Yanaşma yolları ilə birlikdə layihənin ümumi uzunluğu 1300 metrdir. Körpünün dəniz suyu səviyyəsində hündürlüyü (orta aşırımda) 11 metr, hərəkət hissəsinin eni 12 metr olmaqla, ümumi eni 14 metrdir.

Yeni yol ötürücüsündə inşaat işlərinin xeyli hissəsi, daha dəqiqi 85 faizi yerinə yetirilib. 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində isə avtomobil körpüsünün istismara verilməsi planlaşdırılır.

Körpü istismara verildikdən sonra onun altından gəmilərin sərbəst hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər artıq başa çatdırılıb.

Bundan başqa dəniz dalğalarının Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq, avtomobil körpüsünün tikintisini sürətləndirmək və yolətrafı zonada ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə magistral boyu sahilbərkitmə işləri də aparılaraq, yekunlaşdırılıb.

1news.az

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər