“Daily Light” qəzetində Azərbaycanın ABŞ üçün əhəmiyyətindən söz açan məqalə dərc olunub
ABŞ-ın Texas ştatında çıxan “Daily Light” qəzetində ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvü Dürdanə Balakişiyevanın “Azərbaycana dəstək” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Azərbaycan ilə ABŞ arasında uğurlu ikitərəfli əməkdaşlıqdan söz açılır.
Müəllif yazır ki, Nyu-Yorkda 2001-ci il 11 sentyabr tarixli terror hücumundan sonra Azərbaycan Prezidenti Heydər Əliyev milli təhlükəsizlik məsələləri ilə məşğul olan komandasının iclasını çağırdı. İclasda terrorizmə qarşı mübarizədə ABŞ-a dərhal tam dəstək göstərmək barədə qərar qəbul edildi. Azərbaycan ABŞ-ın hərbi heyətinin Əfqanıstana göndərilməsi üçün öz hava məkanını Amerikanın ixtiyarına verən ilk ölkələrdən biri oldu.
Azərbaycan əsgərləri Əfqanıstanda və İraqda sülhün dəstəklənməsi missiyalarında, habelə Kosovoda sülhməramlı missiyada da iştirak etdilər. Bununla Azərbaycan Vaşinqtonla tərəfdaşlığa sadiq olduğunu sübut etdi. Bundan əlavə, Prezident İlham Əliyev Azərbaycanın Polis Akademiyasında, hərbi məktəblərində və Diplomatiya Akademiyasında Əfqanıstan dövlət təhlükəsizlik xidməti əməkdaşlarının təhsil alması üçün 3 milyon avro ayırandan sonra rəsmi Bakı Əfqanıstanın dövlət təhlükəsizliyi xidmətinin inkişafına və əməkdaşlarının hazırlanmasına öz töhfəsini verdi.
Azərbaycan terrorizmə qarşı mübarizə və nüvə silahının yayılmaması sahəsində də ABŞ-la tərəfdaşlığı davam etdirir, bununla da regionda təhlükəsizliyi təmin edir. Sonda müəllif Vaşinqtonu Azərbaycanın regionda inkişafı və təhlükəsizliyi təmin etmək səylərini dəstəkləməyə çağırır.
Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Azərbaycan ilə Birləşmiş Ştatlar arasında təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq haqqında Amerika ictimaiyyətinin məlumatlandırılması üzrə yazılı kampaniyası çərçivəsində dərc olunub.
AZƏRTAC