İndoneziyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb - FOTO
İndoneziyanın Cokyakarta şəhərində ölkənin ən tanınmış təhsil ocaqlarından olan Qacah Mada Universitetinin mədəniyyətşünaslıq fakültəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, fənni Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Həbib Zərbəliyev tədris edir. Universitetdə bu fənnin tədrisi üçün əlverişli şərait yaradılıb.
Bu haqda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildirilib ki, mütəxəssis bakalavr səviyyəsində təhsil alan 20-dən artıq tələbəni bir semestr ərzində Azərbaycan multikulturalizminin tarixi, inkişafı, perspektivləri ilə, ölkə rəhbərliyinin multikulturalizm siyasəti və Azərbaycanın multikultural ölkə modeli kimi bu sahədə əldə etdiyi nailiyyətlərlə tanış edəcək.
1news.az