Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentindən Xocalı soyqırımına qiymət verməsini tələb edir | 1news.az | Xəbərlər
Siyasət

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentindən Xocalı soyqırımına qiymət verməsini tələb edir

14:11 - 22 / 02 / 2016
Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentindən Xocalı soyqırımına qiymət verməsini tələb edir

Avropa Azərbaycanlıları Konqresi (AAK) “1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş qətliamın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli”nə dair Avropa Parlamentinin  İnsan hüquqları  komitəsinin yeni seçilmiş sədri Elena Valensaya  müraciət göndərib.

1news.az-ın məlumatına görə, müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirməsi, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirilmiş soyqırım aktını müharibə zamanı törədilmiş cinayət kimi qiymətləndirməsi, həmçinin, Ermənistan prezidenti Serj Sarkisyanın bu hadisələrin cinayətkarı kimi məsuliyyətə cəlb olunması tələb edilib. Bundan başqa, soyqırımının beynəlxalq ekspertlərdən ibarət komissiya tərəfindən araşdırılması, ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin başçılarından münaqişənin həllinə və sülh əldə edilməsinə cəhd göstərmələri istənilib.

Müraciətdə İslam Konfransı Gənclər Forumunun Baş koordinatoru Leyla Əliyevanın  təşəbbüsü ilə irəli sürülən  “Xocalıya ədalət” kampaniyası haqqında məlumat təqdim edilib. AAK Avropa Parlamentinin diqqətini bu kampaniyanın bir sıra ölkələrdə  apardığı “Justice for Khojaly” ictimai – media fəaliyyətinə yönəldərək Xocalı soyqırımına dair siyasi  münasibət  bildirilməsini tələb edib.

Qeyd edək ki, AAK Xocalı soyqırımını  daha geniş kütlələlərə çatdırmaq məqsədi ilə “Facebook” sosial şəbəkəsində soyqırıma həsr olunan səhifə yaradıb (https://www.facebook.com/KhojalyMassacre1992Photos/info?tab=page_info).

Həmçinin, Xocalı soyqırımına dair  məlumatların yer aldığı açıqcalar çap etdirib.  Bu açıqcalarda  “Xocalıya ədalət” kampaniyasının təqdim etdiyi  “Xocalı uşaqların gözü ilə” sərgisindən olan fotolar  və Xocalı hadisələri  haqqında məlumatlar əks etdirilib. Açıqcalar Almaniyanın Şimal Vestfalen əyalətinin parlamentinə və Avropa Parlamentinin  İnsan hüquqları  komitəsinə  göndərilib.

1news.az

 

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər