Gənclər Fondunun nümayəndə heyəti Avropa Şurası və Avropa Gənclər Mərkəzi nümayəndələri ilə görüşüb – FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndə heyəti Strasburqda Avropa Şurası və Avropa Gənclər Mərkəzinin nümayəndələri ilə bir sıra görüşlər keçirib.
1news.az APA-ya istinadən xəbər verir ki, prezident yanında Gənclər Fondundan verilən məlumata görə, səfər fevralın 18-20-də Avropa Şurasının Demokratik Vətəndaşlıq və İştirakçılıq Direktoratlığının dəvəti əsasında gerçəkləşib.
Səfər çərçivəsində Avropa Gənclər Mərkəzinin icraçı direktoru Tina Mulcahi, Avropa Şurasının Gənclər Departamentinin koordinatoru Marina Filaretova, Avropa Gənclər Fondunun müavini Karen Palliser, Avropa Şurasının Gənclər Departamentinin rəhbəri Antye Rotemund və digərləri ilə görüşlər keçirilib. Görüşlər zamanı Avropa Şurası Gənclər Departamenti, Avropa Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu arasında olan əlaqələr və yaxın gələcəkdə icra olunacaq birgə layihələr barədə müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyəti ölkəmizdə gənclər siyasətinin məqsədləri, prinsipləri haqqında Avropa Şurasının nümayəndələrinə məlumat verib və onların suallarını cavablandırıb. Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev və Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektoru müdiri Fuad Babayev daxil olub.
1news.az