Rusiya Dövlət Dumasının deputatı Xocalı faciəsi ilə bağlı açıq məktub yazıb
“İnsanların dinc dövrdə – millətlərarası münaqişələr zamanı ölməsi dəhşətlidir. Ən dəhşətlisi odur ki, bu insanlar əlinə silah götürüb döyüşən əsgərlər deyil, qocalar, qadınlar və uşaqlardır".
1news.az-ın APA-ya istinadla verdiyixəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin açıq məktubunda deyilir.
Məktubda qeyd olunur ki, 24 il əvvəl Xocalıda qəddarcasına 613 nəfər qətlə yetirilib, mindən çox adam isə əlil qalıb: "Əsir götürülmüş 1275 nəfərdən 150 nəfərin itkin düşməsi, qaçaraq həyatını xilas etmiş bir milyondan çox məcburi köçkünün olması Xocalının geniş əks-sədasıdır. Bu vaxtadək Azərbaycan dünyaya çağırış edir ki, bu faciənin qurbanları unudulmasın. Xocalının külü hər bir azərbaycanlının ürəyində döyünür.
Xocalı qətliamı qurbanlarının anım mərasimləri dünyanın müxtəlif ölkələrində keçirilir və bu, rəmzi məna daşıyır. Xocalı qətliamına oxşar faciələr unudulsa, bu, yeni fəlakətlərə gətirib çıxara bilər. Yalnız dövlət güclü olan zaman vətəndaşlar özlərini təhlükəsiz hesab edə bilərlər. Xocalı faciəsi baş verdiyi gündən müstəqil Azərbaycan möhkəmlənib və güclənib, dünya arenasında oyunçuya və Cənubi Qafqazda sülhün təminatçısına çevrilib. Bu gün azərbaycanlılar rahat ola bilərlər: ölkəsi onları müdafiə edəcək!”.
Məktubda bildirilir ki, Azərbaycan güclü dövlət olaraq intiqam hissi ilə yaşamır, dünyaya multikulturalizm və tolerantlıq ixrac etməklə, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yollarını axtarır: “Azərbaycan bəşəriyyətə öz müraciətini göndərir: Xocalı dünyanın heç bir nöqtəsində təkrarlanmamalıdır!”.
1news.az