“Qarabağ” komandası üçüncü dövrəni parlaq qələbə ilə başa vurub
Martın 30-da Topaz Premyer Liqasında keçirilən daha iki oyunla çempionatda III dövrəyə və 27-ci tura yekun vurulub.
1news.az xəbər verir ki, çempionatın lideri “Qarabağ” komandası “Azərsun Arena”da autsayder “Rəvan” üzərində parlaq qələbə qazanıb – 5:1.
Baş hakim Orxan Məmmədovun idarə etdiyi oyunun ilk hissəsində cəmi bir qol vurulub. Ağdamlıların heyətində 16-cı dəqiqədə Migel Madera fərqlənib – 1:0.
Oyunun ikinci hissəsinə daha fəal başlayan “Qarabağ” Muarem Muarem (53), Riçard Almeyda (55) və Reynaldonun (64) qolları ilə hesabı 4:0-a çatdırıb. Lakin 68-ci dəqiqədə qonaqların heyətində Yasin Həmid vurulan qollardan birinin əvəzini çıxsa da, bu, oyunda sonuncu qol olmayıb. Oyunun əsas hissəsinə əlavə olunan vaxtın 1-ci dəqiqəsində Dani komandasının beşinci qolunu rəqib qapısından keçirib – 5:1.
Digər oyunda - paytaxt derbisində “İnter” komandası doğma meydanda “Neftçi”yə minimal hesabla məğlub olub – 0:1. Baş hakim Əliyar Ağayevin idarə etdiyi oyunda yeganə qolu oyunun 50-ci dəqiqəsində Ruslan Qurbanov 11 metrlik cərimə zərbəsindən vurub.
Beləliklə, 27 turdan sonra xallarının sayını 60-a çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Zirə” 50 xalla ikinci, “Kəpəz” 45 xalla üçüncü, “İnter” isə 44 xalla dördüncü sırada qərarlaşıb. Çempionatda sonrakı yerləri “Qəbələ” (41 xal), AZAL (36 xal), “Neftçi” (35 xal), “Sumqayıt” (28 xal), “Xəzər Lənkəran” (14 xal) komandaları tutublar. Sonuncu yerdə isə hesabında 8 xal olan “Rəvan” komandası qərarlaşıb.
AZƏRTAC