“Monopoliya” oyunu üzrə ölkə çempionatına yekun vurulub
Prezident Yanında Gənclər Fondunun maliyyə dəstəyi və Fabrika Kovorkinq Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Monopoliya” stolüstü oyunu üzrə Azərbaycan çempionatı başa çatıb.
1news.az-ın məlumatına görə, layihənin əsas məqsədi iqtisadi yönümlü stolüstü oyunların tendesiyanın təbliği, iqtisadi bilikləri təcrübədə istifadəsi və daha da maarifləndirilməsi olub.
80 illik tarixi olan stolüstü oyununun çempionatında 2 gün ərzində seçim mərhələsində 120 gənc iştirak edib. 60 nəfər ¼ final oynamaq şansı qazanıb. ½ finalda iştirak edən 25 gəncdən, yalnız 5 nəfər final mərhələsinə vəsiqə qazanıb.
“Monopoliya” stolüstü oyunu üzrə Azərbaycan çempionatının qalibi adını isə kubok və diplomla təltif olunan Emil Miraliyev qazanıb. Fabrika Kovorkinq Mərkəzindən qalibə “Monopoliya” oyunun xüsusi buraxlışı hədiyyə olunub.
Məlumat üçün bildirək ki, “Monopoliya” ilk dəfə əslən amerikalı olan Çarlz Derrou tərəfindən icad edilib. Ç.Derrou həm də bu oyunun ilk satıcısıdır. 1935-ci ildə “Monopoliya” Amerikada ən çox satılan oyun olub və bu gün dünyada onun oyunçularının sayı yarım milyardı ötür.
Qeyd edək ki, oyunda maksimum 6 nəfər iştirak edir. Oyunçular növbəylə zərləri atıb oyun meydançasında müvafiq sayda gedişlər edirlər. Bu oyunda siz daşınmaz əmlak əldə edib qazandığınız pulla həmin sahədə ev və ya otel də satın ala bilərsiz. Digər oyunçular sizin sahəyə gəldikdə sizə kirayə ödəməli olurlar. Pula ehtiyacınız olarsa daşınmaz əmlakınızı girov qoymaq imkanınız da var. Bundan əlavə oyun zamanı siz müxtəlif göstərişləri yerinə yetirməli olacaqsız.
Məqsəd isə müflis olmamış yeganə oyunçu kimi qalmaqdır. Buna nail olan şəxs qalib olur.
1news.az