Azərbaycanın İspaniyadakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə yüksək seçici fəallığı ilə keçirilib - FOTO
Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da keçirilən referendumla əlaqədar ölkəmizin İspaniya Krallığındakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə keçirilib.
Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər müvafiq qanunvericilik aktlarına uyğun aparılan ümumxalq səsverməsi yüksək seçici fəallığı ilə fərqlənir.
1news.az-a səfirlikdən verilən xəbərə görə, səsvermədə İspaniyanın 17 bölgəsində daimi və müvəqqəti yaşayan, həmçinin təhsil alan və qısamüddətli səfərdə olan həmvətənlərimiz fəal iştirak ediblər.
İspaniyada yaşayan ən yaşlı vətəndaşımız - 85 yaşlı Gülbacı Axundova səsvermədə iştirakından məmnunluğunu ifadə edərək bildirib: “Harada və neçə yaşı olmasından asılı olmayaraq ölkəmizin inkişafı naminə görülən bütün tədbirlərdə iştirak etməkdən fəxr hissi duyuram”.
Məntəqədə heç bir qanun pozuntusu qeydə alınmayıb.
1news.az