“Səsvermənin yüksək səviyyədə keçdiyini müşahidə etdik” - Beynəlxalq QHT-lər qrupu
“26 sentyabrda Azərbaycanda keçirilmiş Konstitusiya referendumu ölkənin siyasi sabitliyinin yeni zəmanətidir”.
1news.az xəbər verir ki, bunu Beynəlxalq QHT-lər qrupunun üzvləri - Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin belçikalı nümayəndəsi Uilyam Rasimora və Polis üzrə araşdırma mərkəzinin nümayəndəsi Bourdoks Qilis birgə hazırladıqları rəydə qeyd ediblər.
Onlar bildiriblər ki, Azərbaycan vətəndaşlarının səsverməsinə təqdim edilmiş Konstitusiyaya düzəlişlər azadlıqları gücləndirəcək və demokratiyanı müdafiə edəcək:
“Bu düzəlişlər hər hansı hakimiyyət boşluğunun qarşısını alaraq, ölkə institutlarının sabitliyini təmin edəcək. Türkiyədə baş vermiş son hadisələri nəzərə alsaq, bu, həyati əhəmiyyət kəsb edən məsələdir.
Beləliklə, biz Konstitusiya referendumunun nəticələrini olduqca diqqət mərkəzində saxlayırıq. Avropa İttifaqının tərəfdaş dövlətində siyasi sabitlik və vətəndaşların azadlıqlarının qorunması beynəlxalq əlaqələrin inkişafının mühüm zəmanətidir”.
Nümayəndələr bildiriblər ki, Beynəlxalq QHT-lər qrupunun üzvləri 49 səsvermə məntəqəsində müşahidə aparıb və 5 məntəqədə səslərin sayılmasını izləyib:
“Səsvermənin yüksək səviyyədə keçdiyini müşahidə etdik, səslərin sayılması prosesində qanun pozuntularının şahidi olmadıq, bu isə prosesin Azərbaycan vətəndaşlarının gözləntilərinə cavab verdiyinin aydın göstəricisidir.
Biz eyni zamanda Konstitusiya referendumu günü ərzində ölkədə mühitin dinc və sakit olduğunu müşahidə etdik”.
1news.az