Bakıda “Kontrafakt və piratçılığa qarşı mübarizə” mövzusunda seminar keçirilir - FOTO
Oktyabrın 3-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Kontrafakt və piratçılığa qarşı mübarizə” mövzusunda seminar işə başlayıb.
1news.az-ın məlumatına görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyilə keçirilən seminar BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin birgə layihəsi olan “Konteyner Daşınmalarına Nəzarət üzrə Qlobal Proqram” layihəsi çərçivəsində təşkil olunub.
Tədbirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan gömrük xidmətlərinin nümayəndələri iştirak edir.
Seminarın açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev qonaqları salamlayaraq, hazırda gömrük orqanları qarşısında duran ən vacib vəzifələrdən birinin müəllif hüquqlarının qorunması məsələsinin olduğunu və seminarın iştirakçı ölkələrin gömrük xidmətlərinin bu sahədə effektiv tədbirlər həyata keçirməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.
A.Əliyev vurğulayıb ki, kontrafakt mallar və piratçılıqla mübarizə tədbirlərinin gücləndirilməsi həm də iqtisadiyyatın, beynəlxalq ticarətin inkişafına mühüm dəstəkdir və seminar bu sahədə gömrük əməkdaşlarının potensialının gücləndirilməsinə töhfəsini verəcək. Komitə sədri seminarda gömrükçülərlə yanaşı, beynəlxalq miqyasda tanınmış şirkətlərin nümayəndələrinin də iştirakının gömrük-biznes əlaqələrinin gücləndirilməsində, kontrafakt mallar və piratçılıqla mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasında da faydalı olacağını bildirib.
ÜGT-nin eksperti Sandra Vens, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya Regionu üzrə layihə koordinatoru Batır Geldiyev və ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Herman seminarın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Gömrük Xidmətinin rəhbərliyinə təşəkkürlərini ifadə edərək tədbirin kontrafakt mallar və piratçılıqla mübarizə sahəsində rolu, seminarda müzakirə olunacaq məsələlər barədə məlumat veriblər.
Seminarın gedişində ekspertlər “Kontrafakt məhsullarla mübarizənin hüquqi mexanizmləri”, “Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri haqqında Saziş (TRIPS)”, “Kontrafakt və əqli mülkiyyət hüquqlarının pozulması ilə mübarizə sahəsində ÜGT alətləri”, “Əqli mülkiyyət hüquqlarının növləri” və digər mövzularda iştirakçılara ətraflı məlumat verəcək və praktiki məşğələlər keçirəcəklər.
Seminar oktyabrın 7-də başa çatacaq.
1news.az