“Yahoo News”: Roma Papası Azərbaycanda mədəni müxtəlifliyi və tolerantlığı alqışlayır
“Yahoo News” xəbərlər portalı Azərbaycanın ABŞ-dakı səfirliyinin “Roma Papası Azərbaycanda mədəni müxtəlifliyi və tolerantlığı alqışlayır” sərlövhəli mətbuat üçün məlumatını açıqlayıb. Roma Papası Bakıdakı Katolik Kilsəsində Azərbaycanın katolik icması üçün messa – dini mərasim keçirib, Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Heydər Əliyev Mərkəzində çıxış edib.
O, Heydər Məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, yəhudi və xristian icmalarının başçıları ilə də görüşüb. Roma Papası öz bəyanatlarında vurğulayıb ki, Azərbaycan mədəniyyətinin “incəlikləri və zənginliyi” onu valeh edib. Papa Azərbaycanı “gülərüzlüyü və qonaqpərvərliyi ilə fərqlənən ölkə” adlandırıb.
Məlumatda bildirilir ki, Roma Papasının ölkəmizə səfərini “tarixi” adlandıran Prezident İlham Əliyev bütün vətəndaşlar üçün bərabər imkanlar yaradan dünyəvi və müasir cəmiyyət ənənələrinin qorunub saxlanılmasına Azərbaycanın sadiqliyini bir daha təsdiq edib. Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzində çıxışında deyib: “Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşamışlar”. Azərbaycanın Şərq ilə Qərb arasında həmişə körpü rolunu oynadığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Bu, həm coğrafi, eyni zamanda, mənəvi körpüdür”.
Roma Papası Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının dəfn edildiyi Şəhidlər xiyabanında olub.
Sonda məlumatda bildirilir ki, II İohann Pavel Bakıya səfər edən ilk Roma Papası olub. Onun bu səfəri 2002-ci ilin mayında baş tutub.
AZƏRTAC