Latviya Seyminin sədri Heydər Əliyev Mərkəzi ilə tanış olub – FOTO
Latviya Respublikası Seyminin sədri İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 4-də Heydər Əliyev Mərkəzində olub.
Qonaqlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqda məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Qeyd olunub ki, dünya şöhrətli memar Zahi Hadidin layihəsi əsasında inşa edilmiş Mərkəzin binasında rəsmi qəbullar, beynəlxalq konfranslar, iclaslar və digər tədbirlər keçirilməsi üçün hər cür şərait yaradılıb.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqların böyük marağına səbəb olub.
Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, muzeyin “Fotoşəkillərdə əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs, nailiyyətlər” adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir.
Nümayəndə heyətinin üzvləri Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı unikal eksponatlar nümayiş etdirilir. Sərgidə qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri təqdim edilib. Mis məmulatlar sərgisi qonaqların xüsusi marağına səbəb olub.
Burada Azərbaycanın qədim çalğı alətləri orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimləri, qədim sikkələr nümayiş etdirilən sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
İnara Murnietse Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
AZƏRTAC