Corc Buman: “Azərbaycanın qısa müddətdə əldə etdiyi uğurlar region ölkələri üçün nümunədir”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT İnkişaf Proqramının Dayanıqlı İnkişaf üzrə Qrup rəhbəri ilə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının Dayanıqlı İnkişaf üzrə Qrup rəhbəri Corc Bumanla və BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasetti ilə görüş olub.
1news.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin mərkəzində məhz ölkə vətəndaşının, onun rahatlığı, sağlamlığı və təhlükəsizliyinin dayandığını vurğulayıb.
Nazir müavini respublikada davamlı sosial-iqtisadi inkişaf şəraitində sosial rifah halının yaxşılaşdırılması, əhalinin sağlamlığının mühafizəsi, insan kapitalının inkişafı, gender bərabərliyi, əhalinin məşğulluğu, layiqli əmək və s. sahələrdə əldə olunan nailiyyətləri diqqətə çatdırıb.
İ.İsayev bildirib ki, Azərbaycan BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin reallaşdırılması sahəsində məqsədyönlü strategiyaya və uğurlu iş təcrübəsinə malikdir. Sosial-iqtisadi tərəqqiyə hesablanan mühüm dövlət proqramları nəticəsində ölkədə yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizədək azalıb. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələrdən biridir. Həmçinin BMT İnkişaf Proqramının 2015-ci ildə insan potensialının inkişafına dair “İnsan inkişafı naminə əmək” adlı məruzəsində Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edilib. Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi də ölkəmizdə iqtisadi və sosial inkişafa beynəlxalq səviyyədə verilən daha bir yüksək qiymətdir.
Nazir müavini vurğulayıb ki, BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan ölkəmizdə bu məqsədlərin əhatə etdiyi iqtisadi, sosial və ekoloji istiqamətlər üzrə fəal siyasət aparılır. Dövlət başçısının 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması da “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dəki öhdəliklər üzrə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə yönəlib. Bu sahədə işlər ümumilikdə daha dayanıqlı, şaxələndirilmiş iqtisadiyyatın tərəqqisi, sosial sahələrin tarazlı inkişafı üçün səmərəli milli icra mexanizminin formalaşdırılmasına xidmət edir.
İ.İsayev icra olunan mühüm sosial proqramlar, əmək və sosial müdafiə sahəsində aparılan mütərəqqi islahatlar, aktiv sosial müdafiə proqramları, eləcə də BMT İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı ilə birgə icra olunan layihələr barədə də məlumat verib.
C.Buman ölkəmizdə iqtisadi tərəqqi proseslərinin sosial sahədə də inkişafla müşahidə edilməsinin onlar tərəfindən rəğbətlə qarşılandığını, Azərbaycanın qısa müddətdə əldə etdiyi uğurların region ölkələri üçün nümunə olduğunu qeyd edib, Azərbaycanın BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında da nailiyyətlər qazanacağına əminliyini ifadə edib.
Görüş BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə strategiyanın hazırlanması məsələlərinə dair fikir mübadiləsi ilə davam edib.
1news.az