Los Ancelesdə Azərbaycana dair tədbir keçirilib – FOTO
Los Ancelesin ən qədim təhsil müəssisələrindən olan Biola Universitetində Azərbaycanın tolerantlıq və etiqadlararası harmoniya ənənələrinə dair tədbir keçirilib. Biola Universitetinin müəllim-tələbə kollektivinin iştirak etdiyi tədbirdə, universitetin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edərək məruzə ilə çıxış edib.
1news.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, N.Ağayev məruzəsində ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün Azərbaycanda müxtəlif etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib.
Diplomat qeyd edib ki, ölkəmizin mürəkkəb coğrafi-strateji məkanda yerləşməsinə baxmayaraq, xalqımızın Ümumilli Lideri Heydər Əliyevin tarixi dəyərlərimizi rəhbər götürərək, əsasını qoyduğu müasir Azərbaycan bu gün artıq beynəlxalq aləmdə özünəməxsus və mütərəqqi model kimi qəbul olunur. Baş konsul həmçinin vurğulayıb ki, hazırda Prezident İlham Əliyev bu modelin daha da güclənməsi və inkişaf etdirilməsi üçün digər sahələrlə yanaşı, dinlərarası qarşılıqlı etimadın möhkəmlənməsinə və müxtəlif mədəniyyətlər arasında mübadilə imkanlarının genişlənməsinə xüsusi diqqət ayırır.
N.Ağayev bildirib ki, Azərbaycan Prezidentinin bununla bağlı siyasi iradəsi artıq yalnız ölkə daxilində deyil, regional və beynəlxalq miqyaslarda da öz töhfələrini verməkdədir.
Baş konsul həmçinin, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb, Ermənistanın törətdiyi cinayətlərə dair konkret faktlardan bəhs edib.
N.Ağayevin məruzəsindən sonra universitetin Mədəniyyətlərarası Tədqiqatlar fakultəsinin dekanı Bulus Qaladima və həmin fakultənin professoru Riçard L. Starçer çıxış ediblər. Natiqlər hazırda dünyanın bir çox ölkələrində qanlı toqquşmaların, xüsusilə də dini zəmində şiddətli qarşıdurmaların yaşandığı bir dövrdə Azərbaycan kimi qədim tolerantlıq ənənələri və müxtəlif etiqadlar arasında güclü birgəyaşayış təcrübəsi olan bir modelin öyrənilməsinə böyük zərurətin olduğunu diqqətə çatdırıblar.
Sonda baş konsul N.Ağayev dinləyicilərin suallarını cavablandırıb. Tədbirdə iştirak edən erməni mənşəli tələblərdən biri, hazırda Ermənistan hakimiyyətində korrupsioner bir rejimin hökm sürdüyünü qeyd edərək, bu rejimin Azərbaycan və Ermənistan arasında sülhün bərpa olunmasına əsas maneə olduğunu vurğulayıb.
Tədbirdə universitetin tələbəsi, həvəskar musiqiçi Kristina Konradın klarnetdə Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa etməsi qonaqlara xoş və yaddaqalan anlar yaşadıb. Milli musiqimizin bu əvəzolunmaz əsərinin amerikalı gənc qızın ifasında səsləndirilməsi tədbir iştirakçılarında böyük rəğbət hissi yaradıb.
Tədbirdən sonra universitetin mətbu orqanı olan Chimes qəzetində mühazirə ilə bağlı geniş məqalə dərc olunub.
1news.az