Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib
Oktyabrın 19-da Nazirlər Kabinetində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib.
Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov son illər ölkəmizin bütün sahələrdə qazandığı uğurlardan danışıb, ölkə iqtisadiyyatının sistemli, dinamik və tarazlı inkişafını xarakterizə edən mühüm göstəricilərin vətəndaşlarımızın rifahlı həyatına adekvat olduğunu bildirib.
Əli Əhmədov mühüm sosial-iqtisadi layihələrin gerçəkləşməsini, yeni iş yerlərinin yaradılmasını, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsini, müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlamasını, sahibkarlığın dəstəklənməsini, biznes mühitinin yaxşılaşdırılması ilə ölkəmizin dünyada nüfuzunun daha da artmasını və nəticədə əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasını xüsusilə vurğulayıb.
Baş nazirin müavini Azərbaycanın BMT-nin qlobal inkişafla bağlı təşəbbüslərində yaxından iştirakını qeyd edib. Bildirib ki, bu iştirakçılıq ən yaxşı praktiki və innovativ ideyaları paylaşmaq baxımından mühüm əhəmiyyət kəsb edir və son 15 ildə Azərbaycanda Minilliyin İnkişafı Məqsədlərinin müvəffəqiyyətlə həyata keçirilməsini asanlaşdıran vacib məqamlardan biri olub.
Azərbaycanın BMT-nin yeni təşəbbüsünə - 2030-cu ilə qədər olan dövrdə Davamlı İnkişaf üzrə Gündəliyə qoşulmasından məmnunluğunu ifadə edən Baş nazirin müavini bunun ölkəmizdə Davamlı İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsində və milli inkişaf prioritetlərinin müəyyənləşdirilməsində yeni bələdçi rolunu oynayacağını vurğulayıb.
Əli Əhmədov Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsini, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin edilməsini, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın ilkin hesabatının hazırlanaraq təqdim olunmasını Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu qeyd edib, bu vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün lazımi tapşırıq və tövsiyələrini bildirib.
İclasda 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlikdən irəli gələn məsələlər ətrafında Şura üzvlərinin təklifləri dinlənilib, zəruri fikir mübadiləsi aparılıb, dayanıqlı inkişaf məqsədlərinə müvafiq olaraq müəyyən edilmiş göstəricilər üzrə statistik məlumatların ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən Şuraya təqdim edilməsi barədə qərar qəbul edilib.
Həmçinin iclasda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin və Şuranın fəaliyyətini həyata keçirmək üçün müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupların yaradılması ilə bağlı təşkilati məsələlərə baxılıb.
AZƏRTAC