Düşmən atəşkəs rejimini 22 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.
Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
1news.az