İsrailli siyasətçi: Tez-tez bizi Azərbaycanla yaxın dostluğumuza görə qınayırlar
Bu gün İsraillə Azərbaycan arasında çox yaxşı, isti münasibətlər mövcuddur, bunu Tel-Əvivdə azərbaycanlı jurnalistlərə İsrailin “Yeş Atid” müxalifətçi partiyasının sədri Yoel Razvozov bəyan edib:
“Azərbaycana ilk səfərim zamanı gördüm ki, burada dövlət tərəfindən sinaqoqlara maliyyə ayrılır. Bu, yəhudilərə münasibətin göstəricisidir. İsrail Azərbcandakı bu tolerantlığı qiymətləndirir. Bu, digər dövlətlər üçün də nümunə ola bilər”.
O, bildirib ki, İsraili tez-tez Azərbaycanla isti münasibətlərə görə qınayırlar:
“Tez-tez bizi yaxın dostluğumuza görə qınayanlar olur. Lakin biz bunları qəbul etmirik. Azərbaycan bizim üçün vacib ölkədir”.
Siyasətçi bildirib ki, İsrailin gündəmində qodarma “erməni soyqırımını” tanımaq məsələsi yoxdur:
“Müəyyən deputatlar var ki, onlar bu soyqırımın yəhudi xalqının yaşadıqları ilə eyni olduğunu bildirirlər. Belə ki, bu, onlar üçün çox həssasdır. Lakin bu məsələ günün mövzusu deyil və olmayacaq da. Qoy tarixçilər bu məsələ ilə məşğul olsunlar”.
Razvozov bildirib ki, ölkələrimiz arasında əməkdaşlığı müzakirə edəcək bir sıra sahələr var:
“Neft-qaz sahəsi ilə yanaşı, kənd təsərrüfatı sahəsində də böyük potensial var. Biznes sahəsində bir sıra maraqlı layihələr var. Bir çox sahibkarlarımız Azərbaycana gəlir”.
Siyasətçi həmçinin idman sahəsində də əməkdaşlığın vacibliyini vurğulayıb:
“Hazırda İsrailin cüdo üzrə yığması çox güclüdür. İdmançıların qarşlıqlı səfərini təşkil etmək olacaq. Bunu təkcə idman deyil, bir sıra sahələrdə də həyata keçirmək olar”.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından danışarkən siyasətçi bildirib ki, İsrail istənilən qan tökülməsinə qarşıdır:
“Biz Ukrayna-Rusiya böhranında olduğu kimi, bu məsələdə də neytrallığa söykənirik”.
Siyasətçi həmçinin İsraillə Türkiyənin münasibətlərinin yaxşılaşmasından danışıb:
“Hazırda Türkiyə ilə münasibətlərimiz yaxşılaşır. Bu, yersiz gərginlik idi. İsraillilər Türkiyədə istirahət eyməyə sevir ”.
1news.az