Spiker Məhəmməd Əli Huməd: Cibuti Azərbaycan ilə münasibətlərə böyük önəm verir
Oktyabrın 23-də Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Cibuti Respublikası parlamentinin spikeri Məhəmməd Əli Huməd ilə görüşüb.
1news.az-a səfirlikdən verilən xəbərə görə, görüşdə səfir E.Abdullayev spikerə ölkəmiz haqqında ətraflı məlumat verib, Azərbaycanın müsəlman şərqində ilk parlamentli respublika olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyini bildirib. Səfir Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxladığını, bu təcavüz nəticəsində 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb. BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin bu günədək icra olunmadığı qeyd edilib.
Bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Cibuti hökumətinə dərin təşəkkürünü bildirən səfir E.Abdullayev iki ölkə arasında qarşılıqlı şəkildə parlamentlərarası dostluq qrupunun yaradılması təklifini irəli sürüb.
Spiker M.Ə.Huməd dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə dost Azərbaycan xalqını təbrik edib, sülh və firavanlıq arzularını çatdırıb. M.Ə.Huməd Cibutinin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini və bundan sonrada daha sıx əlaqələrin yaradılacağına əmin olduğunu bildirib. Tərəflər arasında qarşılıqlı şəkildə parlamentlərarası dostluq qrupunun yaradılması təklifini yüksək qiymətləndirən spiker bu dostluq qrupunun iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Səfir E.Abdullayev 25 il ərzində regionun lider dövlətinə çevrilmiş Azərbaycanın bu gün dünyada özünəməxsus yeri olduğunu və bu uğurların əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda bu uzaqgörən xarici siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini deyib.
1news.az