“The News”: Metsamor AES-in istifadə müddəti 10 ildir ki, bitib
Meksikanın nüfuzlu “The News” qəzetində baş redaktor Tereza Marqolisin müəllifi olduğu “Yenidən Çernobıl” sərlövhəli məqalə dərc edilib.
Məqalənin giriş hissəsində “Çernobıl və Fukuşimadan daha dağıdıcı bir nüvə qəzasının olması gözlənilir və bu potensial nüvə fəlakəti geosiyasi fırıldaqlıqlar və iqtisadi maraqlar tərəfindən alovlandırılır” fikri qeyd olunur.
Türkiyə sərhədindən yalnız 16 kilometr məsafədə, eləcə də İran, Gürcüstan və Azərbaycana yaxın olduqca təhlükəli seysmik bölgədə yerləşən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası yer kürəsində ən təhlükəli atom elektrik stansiyasıdır. Metsamor AES-in 1976-ci ildə fəaliyyətə başladığı və istifadə müddətinin 30 il (2006-cı ilə qədər) təyin edildiyi vurğulanır.
2009-cu ildə rus mühəndisləri tərəfindən yenidən təmir edilən Metsamor AES-in Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən 2016-cı ilə qədər istifadə edilməsi uyğun hesab edilib, lakin buna baxmayaraq rəsmi Yerevan Metsamorun 2026-cı ilə qədər fəaliyyətinə davam edəcəyini açıqlayıb.
Daha sonra T.Marqolis Metsamordan 77 kilometr məsafədə yerləşən, Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə 1988-ci ildə baş vermiş, 25 mindən çox insanın tələfatı, yarım milyondan çox insanın evsiz-eşiksiz qalması ilə nəticələnmiş zəlzələ zamanı AES-in rəsmi olaraq fəaliyyətinə son verildiyini nəzərə çatdırıb. Qeyd edib ki, dünyadakı nüvə mütəxəssislərinin tövsiyələrini qulaqardı edən Ermənistan öz enerji tələbatını təmin etmək adı ilə Metsamor AES-in yenidən fəaliyyətə başlaması yönündə qərar verib. Müəllif vurğulayır ki, tarixdə ilk dəfə bir nüvə elektrik stansiyası yenidən fəaliyyətə başlayıb, bu qərar beynəlxalq ictimaiyyət, xüsusilə də Türkiyə, İran, Gürcüstan və Azərbaycan tərəfindən sərt tənqid edilib.
Mövzu ilə əlaqədar oxuyun:
“Metsamor AES” – Qafqazın barıt çəlləyi – TƏHLİL
Ermənistandakı Metsamor AES: terrorçular üçün asan hədəf
Həmçinin məqalədə qeyd olunur ki, istifadə müddəti bitən Metsamorun yerinə bu il Ermənistanda yeni nüvə bloku inşa ediləcək. Lakin milli büdcə kəsintiləri və beynəlxalq dəstəyin çətinliyi səbəbindən onun tikintisinə başlanılmayıb. Metsamor AES-in yeni blokunun tikintisinə ən böyük maneə lazımi maliyyə vəsaitinin olmaması idi. Hökumətin vəd etdiyi yeni blokun tikintisi təxminən beş milyard ABŞ dollarına başa gələcək ki, bu da Ermənistanın 2009-cu il dövlət büdcəsindən iki dəfə çoxdur.
Məqalədə Ermənistan keçmiş Sovet İttifaqı ölkələri içərisində ən kasıbı və havadarlarının siyasi “qucaq iti” adlandırılıb.
T.Marqolis bildirib ki, Metsamor stansiyası ilə bağlı ən böyük narahatlıq doğuran məsələ bir qəza halında ortaya çıxacaq radiasiyanın qarşısının alınması üçün heç bir mühafizə binası, polad və ya konkret qoruyucu örtüyün olmamasıdır.
Sonda müəllif Avstriyanın Vyana Tətbiqi Ekologiya İnstitutuna istinadla dağlıq regionda yerləşən Metsamor AES-də qəza baş verəcəyi təqdirdə reaktorun aktiv zonasının soyudulması üçün tələb edilən qədər su olmadığını vurğulayır. Ermənistan prezidenti Serj Sarkisyanın ölkəsinin enerji ehtiyaclarını qarşılamaq üçün gözləmə oyunu oynadığı və xalqının, eləcə də digər xalqların təhlükəsizliyini qumara qoyduğu diqqətə çatdırılır. Ermənistandakı Metsamor AES-in həm region, həm də dünya üçün açıq təhlükə olduğu qeyd edilir. Bütün dünya üçün nüvə təhlükəsinə çevriləcək bu stansiyasının fəaliyyətinə son verilməsinin vacibliyi vurğulayıb.
Mövzu ilə əlaqədar oxuyun:
Metsamor: Dinc soyqırım - İğdırdan reportaj – FOTO – VİDEO
Metsamor AES-in bağlanmasını tələb edən petisiyaya imzatoplama kampaniyası davam edir - FOTO
1news.az