Sahib Məmmədov: Belarus regionda inteqrasiya proseslərinin mühüm iştirakçısıdır
Belarus regionda inteqrasiya proseslərinin mühüm iştirakçısıdır.
Bu fikri Minskdə “Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası regionunda 2030-cu il üçün iqtisadi inteqrasiyanın və davamlı inkişafın əsasını qoyarkən” mövzusunda konfransda iştirak edən Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov BELTA-nın müxbiri ilə söhbətində səsləndirib. Onun fikrincə, konfrans getdikcə daha da çoxalan müasir çağırışların müzakirəsi üçün yaxşı məkana çevrilib. S.Məmmədov deyib: “Bu dəyişən şəraitdə ümumi fəaliyyət strategiyasını birlikdə işləyib hazırlamaq lazımdır. Həmin məsələlər Azərbaycan üçün də çox əhəmiyyətlidir”.
Nazir müavini vurğulayıb ki, Azərbaycan regional inteqrasiya birliklərində fəal iştirak edir, bütün aktual məsələlərə öz münasibətini bildirir.
Tədbir Belarus Prezidenti Aleksandr Lukaşenkonun BMT-nin 2015-ci il sammitində irəli sürdüyü “inteqrasiyaların inteqrasiyası” təşəbbüsünü inkişaf etdirmək məqsədi ilə keçirilir.
Oktyabrın 26-27-də Belarusun Xarici İşlər Nazirliyində keçirilən konfransda Avropa İqtisadi Komissiyası regionundan 130-dan çox qonaq, o cümlədən parlamentlərin, xarici işlər nazirliklərinin, müxtəlif inteqrasiya strukturlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
AZƏRTAC