Milli Məclisin növbəti plenar iclası keçirilir
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir.
1news.az-ın məlumatına görə, parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəlik barədə məlumat verib.
İclasda Azərbaycanla bir sıra xarici ölkələr arasında imzalanmış beynəlxalq sazişlərin təsdiq edilməsi və bir neçə qanun layihəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrinə baxılacaq. Ümumilikdə gündəliyə 25 məsələ daxildir.
Deputatlar “Dini etiqad azadlığı haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Yol hərəkəti haqqında”, “Avtomobil yolları haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda, həmçinin Gömrük Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar.
Bundan başqa, “Kredit büroları haqqında” qanun layihəsi (ikinci oxunuşda), “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi (birinci oxunuşda), “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirə ediləcək.
Plenar iclasda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı qəbul edilmiş Paris Sazişinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında” qanun layihələrinə də baxılacaq.
1news.az