Koreya səfiri Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşüb – FOTO
Koreya Respublikasının səfirliyi və Azərbaycandakı Koreya şirkətləri 28-29 oktyabr tarixlərində Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərə dəstək olmaq məqsədilə layihə həyata keçirib.
1news.az-ın məlumatına görə, Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Cəbrayil rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan layihəyə şagirdlər arasında “sehirli nağıl” rəsm müsabiqəsi və Koreya kinosu günü daxildir.
Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-qyu Cəbrayıl rayon icra başçısı Kamal Həsənovla görüşüb. Söhbət zamanı onlar məcburi köçkünlərin ən qısa zamanda öz doğma torpaqlarına qayıtmaları üçün arzularını ifadə ediblər. Natiqlər layihənin Koreya və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiklərini bildiriblər.
Səfər çərçivəsində Koreya səfiri şəhid ailəsinə də baş çəkib. Ailəyə səfirliyin və Koreyadan olan şirkətlərin hədiyyələri təqdim olunub.
Layihə çərçivəsində 84 nəfərdən ibarət 3-5-ci sinif şagirdlərinin iştirak etdiyi “sehirli nağıl” rəsm müsabiqəsi keçirilib. Şagirdlər Azərbaycan nağılı “Göyçək Fatma” və Koreya nağılı “Şim Çonqun hekayəsi” haqqında təsəvvürlərini rəsmlərdə təsvir ediblər.
Daha sonra, şagirdlər səfirlik, Azərbaycanda fəaliyyət göstərən Koreya şirkəti “Halla” Korporasiyası, “Samsung Engineering” və “LG Electronics” şirkəti tərəfindən məktəbli çantaları, məktəb ləvazimatları və digər hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, 2014-cü ildən etibarən Koreya səfirliyi Azərbaycanda məcburi köçkünlərə dəstək olmaq məqsədilə bir sıra layihələr həyata keçirir.
1news.az