Səfir: “Azərbaycan İndoneziya üçün önəmli ölkədir”
Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.
1news.az-ın məlumatına görə, Dövlət Komitəsinin sədri İndoneziya-Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edərək, dini məsələlərlə bağlı ölkələrimizin müvafiq qurumlarının əməkdaşlığının zəruri olduğunu vurğulayıb.
Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını qeyd edən M.Qurbanlı dini radikalizmə qarşı birgə tədbirlərin keçirilməsinin önəmli olduğunu bildirib.
Komitə sədri İndoneziya səfiri H.Fananiyə beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında ölkəsinin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə görə təşəkkürünü bildirib.
Səfir Azərbaycanın zəngin multikultural və tolerant dəyərlərə sahib ölkə olduğunu bildirərək, ölkəmizin bu sahədə təcrübəsini öyrənmək üçün maraqlı olduqlarını qeyd edib. O, gələcəkdə İndoneziya mütəxəssislərinin Azərbaycanın multikulturalizm modelini praktik cəhətdən də müşahidə etmələri üçün seminarların, qarşılıqlı səfərlərin təşkilinin vacib olduğunu vurğulayıb.
Azərbaycanın İndoneziya üçün bir müsəlman ölkəsi kimi önəmli olduğunu deyən H.Fanani İndoneziya xalqına Azərbaycanı təqdim etməkdən qürur duyduğunu və turizm sahəsində ikitərəfli əlaqələr istiqamətində əhəmiyyətli işlər görüldüyünü söyləyib.
1news.az