Suzanna Caqinyan: Dağlıq Qarabağ münaqişəsi Ermənistana yalnız göz yaşı və bədbəxtlik gətirib
Artıq neçə ildir ki, davam edən Dağlıq Qarabağ münaqişəsi Ermənistana yalnız göz yaşı və bədbəxtlik gətirib.
1news.az-ın məlumatına görə, bunu Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının Azərbaycanda səfərdə olan sədr müavini, jurnalist Suzanna Caqinyan bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin vacibliyini qeyd edən S.Caqinyan bildirib ki, Ermənistandakı hazırkı rejim bu münaqişədən istifadə edərək hakimiyyətə gəlib:
“Sarkisyan hakimiyyəti ölkəni şəxsi mənafeyini güdməklə, xalqı talamaqla idarə edir. O hakimiyyəti 2008-ci il martın 1-də Sarkisyanı hakimiyyətə gətirmək üçün öz xalqına qarşı soyqırımı tərədən Robert Köçəryandan təhvil alıb. Bu gün Sarkisyan hakimiyyəti tək mənə deyil, bütün Ermənistan xalqına qarşı təzyiqlər edir, əmlaklarını əlində alır”.
Azərbaycan xalqına qarşı törədilən müsibətlərə görə Ermənistan xalqı adından azərbaycanlılardan üzr istəyən S.Caqinyan sabah Xocalı soyqırmı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəyini də diqqətə çatdırıb.
1news.az