Azərbaycanla Niderland arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Noyabrın 10-da Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Niderland Krallığının ölkəmizdəki səfiri Onno Kervers ilə görüşüb.
1news.az-ın məlumatına görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə həm ikitərəfli, həm də NATO çərçivəsində Azərbaycan ilə Niderland arasında əməkdaşlıq, beynəlxalq terrorizmə qarşı birgə mübarizə, eləcə də hərbi təhsil, treninq, təcrübə mübadiləsi və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələləri, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Həm ikitərəfli, həm də NATO çərçivəsində hərbi sahədə ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirən səfir Əfqanıstanda həyata keçirilən missiya tərkibində Azərbaycan sülhməramlılarının beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə və ümumilikdə uğurlu əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
NATO-nun Varşavada şəhərində keçirilən son sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Alyansın mövqeyini xatırladan səfir vurğulayıb ki, Niderland da NATO və digər beynəlxalq qurumlar kimi Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir.
Cənab O.Kervers münaqişənin yalnız sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.
Müdafiə naziri səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı işinə töhfə verəcəyinə əminliyini ifadə edərək ona işlərində uğurlar arzulayıb.
Diplomat isə öz növbəsində ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb və əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
1news.az