SAM Misirdə “Misir və Azərbaycan: konvergent baxışlar və ümumi maraqlar” mövzusunda beynəlxalq konfrans keçirib – FOTO
6-8 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Azərbaycan Respublikasının Misirdəki səfirliyinin birgə iştirakı ilə Misirin “Xarici Məsələlər üzrə Misir Şurası”, Misirin nüfuzlu “Əl-Əhram” və “Əl-Cumhuriyyə” müəssisələri, “Əl-Hivar Siyasi və Media Araşdırmaları” mərkəzi, “Mədəniyyət Forumu” mərkəzində bir neçə görüşlər və tədbirlər keçirilmiş, Qahirə Universitetinin “İqtisadiyyat və Siyasi elmlər” fakültəsinin nəzdində fəaliyyət göstərən “Tədqiqatlar, Siyasi Araşdırmalar və Mədəniyyətlərarası dialoq” mərkəzində konfrans təşkil edilib.
Bu haqda 1news.az SAM-a istinadla xəbər verir.
SAM-ın direktor müavini Dr. Gülşən Paşayeva keçirilən görüşlər zamanı Azərbaycan-Misir ikitərəfli münasibətlərinə toxunaraq, ölkəmizin ötən illər ərzində siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində əldə etdiyi nailiyyətləri qeyd etmiş və hər iki dövlətin beynəlxalq arenada bir-birini dəstəklədiyini vurğulamışdır. Həmçinin, xanım G.Paşayeva Misirin “Xarici Məsələlər üzrə Misir Şurası”nın direktoru səfir İzzət Səd ilə Azərbaycan-Misir ikitərəfli əlaqələrə aid mövzular ətrafında müzakirələr apararaq, sözügedən Şura ilə SAM arasında əlaqələrin yaradılması, elmi əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunub.
Bununla yanaşı, noyabrın 7-də Misirin nüfuzlu “Əl-Cumhuriyyə” qəzetinin Baş redaktoru Fəhmi Ənbə ilə keçirilən görüş zamanı Misir və Azərbaycan arasında əlaqələrin tarixi aspektlərinə toxunularaq, iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin yüksək səviyyədə olduğu bildirilmişdir. Dr Gülşən Paşayeva həmsöhbətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Ermənistanın təcavüzkar siyasəti, regional inkişafa və təhlükəsizliyə törətdiyi maneələr barədə məlumat vermiş və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli istiqamətinə dair fikir mübadiləsi aparıb.
Öz növbəsində, Baş redaktor F.Ənbə Misirin Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT TŞ-nın məlum qətnamələrini dəstəklədiyini və ölkəsinin Azərbaycanın yanında olduğunu bildirib.
SAM-ın nümayəndə heyəti həmçinin, Misirin tanınmış “Əl-Ahram” müəssisəsinin nəzdində fəaliyyət göstərən “Beynəlxalq siyasət” və “Demokratiya” jurnallarının Baş redaktorları, “Əl-Hivar Siyasi və Media Araşdırmaları” mərkəzində tanınmış politoloqlar, jurnalistlər, keçmiş diplomatlar və hərbiçilər ilə görüşmüşdür. Görüşdə elmi əməkdaşlığının növləri və gələcək perspektivləri müzakirə edilmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilib.
Noyabrın 8-də SAM, “Əl-Hivar Siyasi və Media Araşdırmaları” Mərkəzi və AR-ın Misirdəki səfirli Misir-Azərbaycan ikitərəfli münasibətlərə həsr olunan konfrans keçirilib.
Sözügedən konfransda “Misir və Azərbaycan: çoxşaxəli əlaqələr”, “Beynəlxaql təşkilatlarda Misir və Azərbaycan məsələləri”, “Misir və Azərbaycan: Gələcəyə baxış”adlı panellərdə iştirak edən Qahirə Universitetinin İqtisadiyyat və Siyasi elmlər fakültəsinin dekanı Hala Səid, AR-ın Misirdəki fövqəladə və səlahiyyətli səfiri T.Rzayev, SAM-ın direktor müavini Dr. Gülşən Paşayeva və SAM-ın eksperti K.Qasımov, Misirin Qahirə, Ayn Şəms, Helvan universitetlərinin professor və doktorları Dr. Əhməd Helmi, Dr. Amani Məsud, Dr. Əhməd Əbdülhafiz, Dr. Adel Darviş, Dr. Abdurrahman Sad, Dr. Nadya Əbu Ğazi, Dr. Məhəmməd Tələt müxtəlif mövzularda çıxışlar ediblər.
Qeyd edək ki, konfransda Misirin Milli məclisinin üzvləri, ölkənin tanınmış politoloqları, nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri, ictimai-siyasi, elm xadimləri və Qahirə universitetinin tələbələri iştirak etmiş, onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Sözügedən görüşlər və tədbirlər Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.
1news.az