Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 21 il keçir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 21 il keçir

12:31 - 11 / 11 / 2016
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 21 il keçir

Bu il Azərbaycan dövlətinin tarixində müstəsna əhəmiyyətli hadisənin – dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi beşinci ildönümü geniş qeyd olunur. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizin müstəqilliyi və suverenliyi beynəlxalq aləmə bəyan edildi və həmin gün çoxəsrlik dövlətçilik tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu.

Ötən 25 ildə Azərbaycan çətin tarixi yol keçərək, müstəqilliyini qoruyub saxlamağa və daha da möhkəmləndirməyə, dayanıqlı iqtisadiyyat formalaşdırmağa müvəffəq olmuş, tamamilə müstəqil daxili və xarici siyasət yeridərək regionun lider dövlətinə çevrilmişdir. Dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən nailiyyətlər və uğurlar heç də asan əldə edilməmiş, xüsusilə müstəqilliyin ilk illəri xalqımız üçün çətin və məşəqqətli olmuşdur. Dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi təcavüz, iqtisadi tənəzzül və dərin siyasi böhranla qarşılaşdı. İlk illərdə ölkə rəhbərliyində xalqın mənafelərini və milli maraqları əks etdirən siyasi iradənin olmaması milli təhlükəsizliyi təhdid edən ciddi problemlərin həllini qeyri-mümkün etmişdi. Məhz belə bir tarixi məqamda, Azərbaycan dövlətçiliyi üçün taleyüklü bir zamanda ölkənin milli maraqlarını təmin edə biləcək Ümummilli Liderə, tarixi şəxsiyyətə olan ehtiyac özünü daha güclü büruzə verirdi. Şübhəsiz ki, irimiqyaslı siyasi dəyişikliklərin müşayiət olunduğu tarixi dövrlərdə xalqın mənafelərinə uyğun siyasi iradə nümayiş etdirmək iqtidarında olan güclü liderlərə ehtiyac daha ciddi hiss olunur.

Azərbaycan xalqının təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra ulu öndər Heydər Əliyev uzaqgörən və məqsədyönlü fəaliyyəti, qətiyyəti və siyasi bacarığı sayəsində xalqımızı azərbaycançılıq ideyası ətrafında birləşdirərək milli birliyi təmin etməyə, ölkədə hökm sürən ictimai-siyasi anarxiyanın və vətəndaş müharibəsi təhlükəsinin qarşısını almağa müvəffəq oldu. Ölkədə ictimai-siyasi sabitliyin təmin olunması ilə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, habelə genişmiqyaslı islahatların başlanılması üçün əlverişli zəmin yarandı.

Ölkəmizdə başlanılmış islahatlar fonunda ən mühüm hadisələrdən biri ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və gərgin əməyi nəticəsində hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbul edilməsi oldu. Konstitusiyanın Preambulasında qeyd edildiyi kimi, “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq” bu ümummilli əhəmiyyətli sənədi qəbul etdi.

Yeni Konstitusiyanın hazırlanması və qəbulu ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz tarixi xidmətlərindən biridir. Konstitusiyanın qəbul edilməsi xalqımızın tarixi ənənələrinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir dünyanın tələblərinə cavab verən demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, siyasi sistemin və hüquq sisteminin inkişafı üçün möhkəm özülün yaradılması baxımından mühüm hadisə oldu.

Azərbaycanın qanunvericilik sisteminin əsasını təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin, ictimai sülhün və milli barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir. Konstitusiya dövlət quruluşunun əsaslarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının təşkilini, səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir, insan hüquqları və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir. Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, Konstitusiya həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilə bilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir.

Ölkə Konstitusiyasının Preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətləri bəyan edilmişdir.

Konstitusiya Azərbaycanın konstitusiya quruluşunun vacib əsası kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit edir.

Konstitusiya quruluşunun xüsusiyyətlərindən biri kimi, iqtisadi fəaliyyət azadlığı, mülkiyyət növlərinin müxtəlifliyi və onların bərabər müdafiəsinə verilən təminat, hər bir şəxs üçün layiqli həyat şəraitinin və azad inkişafın təmin olunmasına istiqamətlənmiş sosial dövlət konsepsiyası ölkə Konstitusiyasında geniş əksini tapmışdır. Konstitusiya xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsini, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalmağı dövlətin üzərinə vəzifə olaraq qoyur. Əsas Qanunda qeyd edildiyi kimi, Azərbaycanda iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, xalqımızın tarixi, maddi və mənəvi irsini qoruyur.

Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması müstəsna əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, azad cəmiyyətin aparıcı qüvvəsi olan insan amili ölkə Konstitusiyasının diqqət mərkəzində durur.

Müasir demokratik cəmiyyətdə insan hüquqlarının və azadlıqlarının tanınması və onların real təminatı mexanizmlərinin mövcudluğu mühüm əhəmiyyət kəsb edir. İnsan və vətəndaş hüquqları və azadlıqları bəşəriyyətin çox əsrlər ərzində nail olduğu mütərəqqi dəyərlər sırasında xüsusi yer tutur. Nəzərə almaq lazımdır ki, cəmiyyətin inkişafı, onun çiçəklənməsi, vətəndaş sülhü insanın ali dəyər, onun hüquqlarının və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi kimi qəbul edildiyi halda mümkündür. Bu baxımdan əgər Konstitusiyada dövlət, ictimai və vətəndaş maraqları arasında tarazlığa riayət olunursa, insan hüquqlarına və azadlıqlarına hörmətlə yanaşılır və onların müdafiəsinə təminat verilirsə, belə Konstitusiya bütövlükdə cəmiyyətin və insanların inkişafına xidmət etmiş olur.

İnsan hüquqları və azadlıqları ilə bağlı müasir tendensiyalar nəzərə alınaraq, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqları və azadlıqları, habelə onların reallaşdırılması mexanizmləri geniş təsbit edilmişdir. Əsas Qanunun ən böyük fəsli olan üçüncü fəsli bütünlüklə əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmiş, həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquqlar və azadlıqlar, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq, qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur.

Xüsusi qeyd olunmalıdır ki, Əsas Qanunda həmin hüquqlar və azadlıqlar dövlətin öz vətəndaşlarına verdiyi imtiyaz kimi deyil, hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə edilir və onlar toxunulmaz, pozulmaz və ayrılmaz elan edilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumağın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olması ilə bağlı konstitusiya müddəası müstəsna əhəmiyyət kəsb edir.

Lakin bu, o demək deyildir ki, insan hüquqları və azadlıqları heç bir məhdudiyyətə məruz qala bilməz. Konstitusiyanın özündə nəzərdə tutulur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Bu baxımdan demokratik cəmiyyətdə zəruri olan, qanunla müəyyən edilmiş və dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olan, habelə ölkəmizin beynəlxalq hüquqi öhdəliklərinə uyğun məhdudiyyətlər hər kəsin hüquqlarının və azadlıqlarının daha səmərəli təminatına, ictimai maraqların müdafiəsinə, xalqın təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Ölkəmizin ümumbəşəri dəyərlərə sadiqliyinin, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına hörmətinin təzahürü olaraq, Əsas Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirir, həmin beynəlxalq müqavilələrin milli qanunvericilik (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) üzərində üstünlüyünü nəzərdə tutur. Konstitusiyanın bu müddəaları ölkəmizin dünya birliyində özünə layiqli yer tutmasına yol açmaqla yanaşı, insan hüquqları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq normaların ölkəmizdə maneəsiz tətbiqinə də şərait yaradır.

Azərbaycan Respublikası Konstitusiyasının, onun bütün normalarının və müddəalarının özəyini məhz demokratik dəyərlərə əsaslanan hüquqi, sosial dövlət konsepsiyası, insan şəxsiyyətinə hörmət amili təşkil edir. Ölkə Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini və prinsiplərini özündə ehtiva edən hüquqi sənəd kimi, Azərbaycan xalqının rifahına xidmət göstərən dövlət idarəetmə mexanizminin təməlinə çevrilmişdir. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatları həyata keçirilmiş və təkmil qanunvericilik bazası formalaşdırılmışdır.

Məlum olduğu kimi, konstitusiyaların hüquqi əlamətlərindən biri onların stabilliyidir. Konstitusiyanın stabilliyi ölkədə qanunçuluğun, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindən biridir. Lakin Konstitusiyanın stabilliyi heç də onun tamamilə dəyişilməzliyi demək deyildir. Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə, ictimai münasibətlər inkişaf etdikcə konstitusiyaların da təkmilləşdirilməsi, onlara müəyyən əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranır.

Bu baxımdan ölkəmizdə demokratik dəyərlərin gücləndirilməsi, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, sosial dövlət ideyasının gücləndirilməsi zərurətindən irəli gələrək, 2002-ci il 24 avqust və 2009-cu il 18 mart tarixlərində keçirilmiş referendumlarda Konstitusiyanın mətninə əlavələr və dəyişikliklər edilmiş, Əsas Qanun mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşdirilmişdir.

2009-cu ildən keçən 7 il ərzində Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında genişmiqyaslı inkişaf özünü göstərir. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, genişmiqyaslı infrastruktur və quruculuq layihələri həyata keçirilir, sosialyönümlü siyasət və əsaslı iqtisadi islahatlar konsepsiyası uğurla davam etdirilir. Bütün bu proseslər ölkəmizin siyasi idarəetmə sisteminin daha da müasirləşdirilməsini, iqtisadi idarəetmə mexanizmlərinin çevik fəaliyyətinin təmin edilməsini, vətəndaşların hüquqlarının daha təsirli müdafiə olunmasını və bu məqsədlə növbəti dəfə Konstitusiya islahatlarının aparılmasını zərurətə çevirmişdi.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli Sərəncamına əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 2016-cı il 25 iyul tarixli Qərarı ilə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə aşağıdakı kimi rəy vermişdir: “Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif olunan dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğundur”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il 26 sentyabr tarixində keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə Konstitusiyanın mətninə əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir. Qeyd etmək yerinə düşər ki, referendum xalq hakimiyyətinin və xalqın iradəsinin bilavasitə təzahürü olmaqla, dövlət və hər bir vətəndaş üçün ən vacib məsələlərin ümumxalq səsverməsi yolu ilə həlli forması kimi demokratiyanın mühüm institutudur. Son referendumda əldə edilən nəticələr Azərbaycanda xalq–lider vəhdətinin daha bir bariz təzahürü oldu, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin dayanıqlı inkişafına və sosial rifahın təmin olunmasına yönələn siyasətin Azərbaycan xalqı tərəfindən birmənalı dəstəkləndiyini nümayiş etdirdi.

Konstitusiyaya dəyişikliklər müxtəlif sahələri əhatə etməklə ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin olunmasına, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.

Konstitusiyaya dəyişikliklərin böyük bir qismi bilavasitə insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır. Artıq qeyd edildiyi kimi, ölkə Konstitusiyasının ən geniş üçüncü fəsli əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunmuşdur. Cəmiyyət inkişaf etdikcə vətəndaşların ölkəmizin siyasi, iqtisadi və sosial həyatında iştirakı genişlənir və yeni məzmun qazanır. Konstitusiyada təsbit edilmiş hüquqlar və azadlıqlar və onların təminat mexanizmlərinin də zamanın tələblərinə uyğun təkmilləşdirilməsi labüd olur.

Bu mənada Konstitusiyanın 24-cü maddəsinə insan ləyaqətinin qorunması və ona hörmət edilməsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi prinsiplərinin əlavə edilməsi; 25-ci maddəsinə sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı müddəanın əlavə edilməsi; 32-ci maddəsində şəxsi toxunulmazlıq hüququ, yəni fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması; 36-cı maddəsində əmək müqaviləsi əsasında işləyən şəxslərin hüquqlarının müdafiəsi məqsədilə lokautun qadağan edilməsi (qanunla müəyyən edilmiş hallar istisna olmaqla); 60-cı maddəsində hüquq və azadlıqların inzibati və məhkəmə təminatının gücləndirilməsi və digər mütərəqqi əlavə və dəyişikliklər xüsusilə qeyd olunmalıdır.

Dövlət orqanlarının vətəndaşlara, onların hüquqları və azadlıqlarının müdafiəsinə münasibətdə məsuliyyətinin artırılması, hüquq və azadlıqların məhdudlaşdırılmasının dövlət tərəfindən gözlənilən nəticəyə mütənasibliyi prinsipinin Konstitusiya normaları qismində təsbit edilməsi ölkəmizdə insan hüquqlarına və onların təmin olunmasına göstərilən yüksək diqqətin təzahürüdür.

Hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsinin yeni redaksiyada verilməsi, hüquq və azadlıqların məhkəmə müdafiəsi ilə yanaşı, inzibati qaydada da müdafiəsinə təminat verilməsi, hər kəsin işinə qərəzsiz yanaşılması və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılması hüququnun, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququnun təsbit edilməsi olduqca mütərəqqi əlavələrdir. Bu, ölkəmizdə insan hüquqları və azadlıqlarının daha səmərəli və təsirli müdafiəsini, bütövlükdə məhkəmə hakimiyyətinin daha effektiv fəaliyyətini təmin edəcək, mümkün süründürməçilik hallarının qarşısını alacaq əhəmiyyətli Konstitusiya normalarından biridir.

Konstitusiyaya dəyişikliklərin bir qismi də iqtisadi hüquqlarla bağlıdır. Ötən illər ərzində Azərbaycan iqtisadi sahədə böyük nailiyyətlər əldə etmiş, keçid dövrünü uğurla başa vuraraq regionun dinamik inkişaf edən, lider dövlətinə çevrilmişdir. Ölkəmizdə güclü infrastruktur və inkişaf layihələri həyata keçirilir, paytaxtla yanaşı, regionların da sosial-iqtisadi tərəqqisi təmin edilir, əhalinin rifah halı günbəgün daha da yaxşılaşır. Ölkəmizin dayanıqlı inkişafı iqtisadi hüquqların yeni inkişaf tendensiyalarına uyğunlaşdırılmasını zəruri edir. Cəmiyyətdə sosial məsuliyyəti inkişaf etdirmək üçün mülkiyyət hüququ ilə bağlı sosial məsuliyyət ideyasının Konstitusiyaya daxil edilməsi, azad sahibkarlıq hüququ ilə bağlı təminatlar ölkəmizdə qeyri-neft sektorunun inkişafına, torpaqlardan səmərəli istifadə edilməsinə, azad sahibkarlığın inkişafına və ictimai rifahın daha güclü təmin olunmasına xidmət edəcək.

Əsas Qanuna edilmiş dəyişikliklərin bir qismi də dövlət idarəçiliyi sistemini daha da inkişaf etdirmək məqsədi daşıyır. Bu dəyişikliklər ölkə Konstitusiyasının Preambulasında əksini tapan niyyətlərin və prinsiplərin həyata keçirilməsinə yönəlmişdir. Xüsusilə də, vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisədir. Bu institut ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, ölkəmiz qarşısında duran vəzifələrin reallaşdırılması baxımından əhəmiyyətli olacaqdır.

Seçkili orqanlarda iştirakla bağlı yaş məhdudiyyətlərinin aradan qaldırılması bilik və təcrübəsi ilə cəmiyyətdə tanınan gənclərin potensialından istifadə imkanlarını genişləndirmək zərurətindən irəli gəlir. Bu gün Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti uğurla aparılır, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür. Gənclərin potensialından səmərəli istifadə olunması dövrün aktual tələblərindən biridir. Bununla yanaşı, xüsusi qeyd olunmalıdır ki, gənclər dövlət sistemində çalışan müdrik, yüksək peşəkar keyfiyyətlərə malik mütəxəssislərlə yanaşı çalışaraq və onların zəngin təcrübəsindən yararlanaraq, dövlətçiliyimizin qorunması və inkişafında öz səylərini əsirgəməməlidirlər.

Əminliklə deyə bilərik ki, Konstitusiyanın mətninə edilmiş bütün dəyişikliklər və əlavələr Azərbaycanda demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insana, onun hüquq və azadlıqlarının təminatına göstərilən yüksək diqqətin daha bir təzahürüdür. Konstitusiya islahatları ölkəmizdə demokratikləşmə proseslərinin genişləndirilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsi, cəmiyyətdə bərqərar olan sabitliyin və təhlükəsizliyin, yüksək templə gedən inkişafın möhkəmləndirilməsi məqsədlərinə xidmət edir. İnsan hüquq və azadlıqları ilə bağlı Əsas Qanuna edilmiş dəyişikliklər ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, xüsusilə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarında, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda əksini tapan prinsiplərə tam uyğundur.

Məlum olduğu kimi, 21 il öncə ümumxalq səsvermə - referendum yolu ilə qəbul edilmiş Konstitusiyanın Azərbaycanın dövlət və hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri ali konstitusiya ədalət mühakiməsini həyata keçirən orqanının yaradılması olmuşdur. Qeyd edilməlidir ki, konstitusiya nəzarəti institutu Konstitusiya ilə təsbit olunmuş norma və prinsiplərin qorunması, hakimiyyətin müxtəlif orqanları arasında müəyyən edilmiş səlahiyyət balansının təmin edilməsi, habelə konstitusiya hüquq və azadlıqlarının müdafiəsi məqsədi daşıyır və bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir.

Fəaliyyətə başladığı dövrdən bu günə qədər Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 336 qərar və 75 qərardad qəbul edilmişdir. Həmin qərarlar və onlarda formalaşdırılmış hüquqi mövqelər Konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının qorunmasına və pozulmuş hüquqların bərpasına xidmət edir.

Ən son qərarlarından biri olan Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 21 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, sosial dövlətin prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın Preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar olunmasını təmin edir. Konstitusiya sosial dövlətin təsvirini verməsə də, dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq, xalqın rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Konstitusiyanın müddəalarına görə, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür.

Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarının, mülki və əmək qanunvericiliyinin bir sıra normalarını nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, Konstitusiyanın 25-ci maddəsinin tələbləri baxımından Mülki Məcəllənin 965.2.2-ci maddəsinin “əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ödənilməsi” müddəası əmək müqaviləsi ilə həm işləyən şəxslərə, həm də işdənçıxmış şəxslərə müavinət və əməkhaqqının ödənilməsini nəzərdə tutur.

Cəbrayıl Rayon Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” 2016-cı il 27 iyul tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadla bir daha qeyd etmişdir ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda Konstitusiyanın, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq-hüquqi sənədlərin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarını əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə və həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməli və həmin hallara qiymət verərkən nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149.2.3-cü və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarında isə Plenum demokratik dövlətdə hüquqi müəyyənlik prinsipinin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalı, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir.

Qeyd edilməlidir ki, Konstitusiyaya əsasən, Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyətinin ayrılmaz hissəsi olaraq öz fəaliyyətini digər məhkəmələrlə sıx əməkdaşlıqda həyata keçirir. Məhkəmələr tərəfindən Konstitusiya Məhkəməsinə daxil olmuş müraciətlərdə hüquq tətbiqedici orqanlar üçün mühüm əhəmiyyət daşıyan məsələlərə toxunulur ki, onlara aydınlıq gətirilməsi, açıqlanması və yaxud rəsmi şərh edilməsi son nəticədə bir çox hallarda nəinki məhkəmələr üçün, eyni zamanda hüquq və mühafizə orqanlarının işi üçün praktiki əhəmiyyət daşıyır.

Konstitusiya Məhkəməsi həmçinin konstitusiya ədalət mühakiməsinin müasir tendensiyalarını davamlı olaraq izləyir və fəaliyyətində tətbiq edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ və xarici konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsi öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinadlar edilir. Bu həm qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiq edilməsinin zəruriliyindən irəli gəlir, həm də Məhkəmənin mövqeyinin daha da zənginləşdirilməsinə və düzgün əsaslandırılmasına xidmət edir.

Bu gün əminliklə deyə bilərik ki, Konstitusiya Məhkəməsi Azərbaycanda demokratik, hüquqi dövlətin ayrılmaz atributuna, Konstitusiyanın hüquqi müdafiəsi mexanizminin səmərəli elementinə çevrilmişdir. Öz fəaliyyəti və qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyini təmin edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsində qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir və hüquq sisteminin inkişafına töhfələr verir. Bu isə bir daha göstərir ki, Konstitusiyanın aliliyinin təmin olunması hüquq və azadlıqların müdafiə olunması ilə ayrılmaz və sıx əlaqədədir.

Qeyd olunanlar bir daha göstərir ki, Azərbaycanın dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar, tərəqqi və quruculuq prosesləri öz mənbəyini məhz Azərbaycan Respublikasının Konstitusiyasından götürmüş, Əsas Qanunda təsbit edilmiş prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafın əldə olunmasına zəmin yaratmışdır.

Azərbaycan dövləti bu gün öz tarixinin böyük tərəqqi ilə xarakterizə olunan dövrünü yaşayır, öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyur. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, infrastruktur və sosialyönümlü layihələr uğurla həyata keçirilir, xalqımızın rifahı günbəgün daha da yüksəlir, ölkəmiz regionun lider dövləti kimi beynəlxalq miqyasda söz sahibinə çevrilir.

Əminik ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqisi, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesinə, Konstitusiyanın aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi işinə Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə bundan sonra da töhfələr verməkdə davam edəcəkdir.

Fərhad Abdullayev

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin sədri

Paylaş:
763

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər