İslam ölkələri gənclər siyasəti istiqamətində tarixi addım atır
Oktyabrın 5-7-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Gənclər və İdman Nazirlərinin (GİN) 3-cü sessiyasında qəbul edilən və 18-19 oktyabrda İƏT Xarici İşlər Nazirlərinin Daşkənd Sessiyasında, Nazirlər Şurasının qərarı ilə təsdiq edilən İslam ölkələri Ümumi Gənclik Siyasətinin formalaşması ilə bağlı qərarlar artıq İƏT-in rəsmi web-saytında yayımlanmaqla qüvvəyə minib.
1news.az-a İƏT, Avrasiya Regional Mərkəzindən verilən xəbərə görə, Gənclər Siyasətini əks etdirən 11 qərar arasında İƏT üçün xüsusi əhəmiyyət daşıyan İƏT Gənclik Strategiyasını, eləcə də İslam dünyası üçün gənclik siyasətləri ilə bağlı ümumi tədbirlər planını, həmçinin İƏT GİN Nazirlər Şurasının yaradılması haqda qərarı, qərarla yeni yaradılan Şuranın Daimi Katiblik funksiyasının İƏT Gənclər Forumuna verilməsini qeyd etmək lazımdır.
Bununla bağlı Forumun sədri səfir Elşad İskəndərov Anadolu agentliyinə verdiyi açıqlamasında bildirib:
“Qərarların yayımlanması son bir ildə Türkiyə Respublikası Gənclik və İdman Nazirliyi ilə apardığımız intensiv əməkdaşlığın effektiv nəticəsidir. Qərarların qısaca məzmununa gəldikdə isə, bəlli olduğu kimi, İslam dünyasında gənclərin çoxtərəfli inkişafı sahəsində müzakirədən hərəkətə keçmə mərhələsinə gəlib çıxmışıq. Bir tərəfdən, gəncliyin inkişafı üçün adı çəkilən strategiyanın çərçivəsi müəyyən olunub, o biri tərəfdən isə bu strategiyanın həyata keçməsi üçün lazım olan mexanizmlər nəzərdə tutulub.
Bundan sonra İƏT-in 56 üzv-ölkənin Gənclik və İdman Nazirləri arasındakı koordinasiya işlərinin həyata keçməsi vəzifəsinin İƏT Gənclər Forumuna verilməsi bizə qürur hissi verir, eyni zamanda bu, bizim üçün məsuliyyət deməkdir”.
E.İskəndərov açıqlamasında ilk növbədə 14 ayrı başlıq altında Birgə Fəaliyyət Planının həyata keçməsi işinə diqqətin yönələcəyini bildirib. Bu qərarlar sayəsində gəncliyin İŞİD, FETÖ, PKK kimi ideologiyalardan qorunması işində üzv ölkələr üçün ortaq təhdid siyahısı müəyyən olunub. O, həmçinin Strategiyanın gəncliyin intellektual inkişafına bir töhfə olaraq onların radikalizm və ekstremizmin təsirlərinə məruz qalmasını əngəlləyəcəyini də vurğulayıb, yaxın zamanlarda Türkiyə Gənclik və İdman Nazirliyinin rəhbərliyi altında İƏT-in 5 daimi üzvü olan ölkələrin Gənclik və İdman Nazirlərinin birgə iştirakı ilə nəzərdə tutulan hədəflərin həyata keçməsi üçün ilk toplantının keçiriləcəyini bildirib.
Qeyd etmək lazımdır ki, İƏT Gənclər və İdman Nazirləri 3-cü sessiyasında qəbul edilən qərara əsasən, nazirlərin 2018-ci ildə Bakıda keçiriləcək növbəti 4-cü sessiyasına Azərbaycan Respublikası ev sahibliyi edəcək.
1news.az