Cəbhə bölgəsində irimiqyaslı təlimlərin yekunlarına dair kollegiya iclası keçirilib – FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, eləcə də məsul zabitlərin iştirakı ilə irimiqyaslı təlimlərin yekunlarına dair kollegiya iclası keçirilib.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollegiya iclasında çıxış edən Müdafiə naziri təlimlərin nəticələrini təhlil edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində keçirilən irimiqyaslı təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.
Nazir bütün qoşun növ və qisimləri, xüsusi təyinatlılar, təminat vasitələri tərəfindən döyüş şəraitinə maksimal uyğunlaşdırılmış vəziyyətdə imkanlarını praktiki tətbiq edərək təlim-döyüş tapşırıqlarının tələb olunan səviyyədə icrasına nail olunduğunu qeyd edib, həmçinin döyüş atışlarının icrası, bölmələrin və atəşin manevrlərinin həyata keçirilməsi zamanı komandirlərin və şəxsi heyətin peşəkarlığını yüksək qiymətləndirib.
Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən Müdafiə naziri belə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.
1news.az