İon Aleksandru Giboi: Əminəm ki, Bakı Konqresində aparılan müzakirələrin çox uğurlu nəticələri olacaq
Planetimizin bütün qitələrindən media nəhənglərinin təmsil olunduğu Dünya Xəbər Agentliklərinin V Konqresində müasir dövrdə kütləvi informasiya vasitələrinin üzləşdiyi çağırışların həlli yolları ilə bağlı faydalı fikir mübadilələri aparıldı.
Daim dəyişən və inkişaf edən müasir medianın informasiya təminatında işinin təkmilləşdirilməsinə dair mövzuların müzakirəsi təqdirəlayiqdir. Dünya xəbər agentliklərinin görüşü üçün çox yaxşı platforma olan V Konqres həm də səmərəli təcrübə mübadiləsinin aparılması baxımından bizə yaxşı fürsət yaratdı. Əminəm ki, Konqresdə aparılan müzakirələrin çox uğurlu nəticələri olacaq.
Bakı Konqresində iştirak edən Rumıniyanın AGERPRES milli xəbər agentliyinin baş direktoru İon Aleksandru Giboi müsahibəsində belə deyib.
Baş direktor V Konqresin və Asiya-Sakit Okean Ölkələri İnformasiya Agentliklərinin XVI Baş Assambleyasının bütün iştirakçılarının hər iki tədbirin təşkilatçılıq səviyyəsindən çox razı qaldıqlarını bildirib. O, qonaqpərvərliyə və yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna və AZƏRTAC-a minnətdarlıq edib.
İon Aleksandru Giboi Prezident İlham Əliyevin beynəlxalq tədbirlərin açılış mərasimindəki nitqində vacib məsələlərə toxunduğunu, dövlət başçısının konkret faktlara əsaslandığını vurğulayıb.
AGERPRES-in baş direktoru deyib: “Bu, mənim Azərbaycana ilk səfərim deyildi. Azərbaycana hər dəfə səfər edəndə gördüyüm dəyişikliklər məni heyran edir. Bakı mənim ən çox sevdiyim şəhərlərdən biridir. Rumıniya üçün dost ölkə olan Azərbaycan zəngin mədəniyyətə, qədim tarixə malikdir. Bütün bunlar, xüsusilə də Azərbaycanın turizm potensialı daha çox təbliğ olunmalıdır. Bakıda keçirilən belə mötəbər tədbirlər həm də bu baxımdan çox yaxşı imkanlar yaradır”.
AZƏRTAC