Azərbaycanla İran arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
Noyabrın 23-də müdafiə naziri Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.
1news.az-ın məlumatına görə, nazir Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin ikitərəfli əməkdaşlıq planına uyğun olaraq uğurla davam etdiyini vurğulayıb.
Diplomat isə öz növbəsində dost və qardaş olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Bakıya dostluq səfərinin yüksək səviyyədə həyata keçirilməsindən məmnunluq ifadə edən səfir bu cür səfərlərin qarşılıqlı və intensiv şəkildə təşkil olunmasının vacibliyini xüsusi qeyd edib.
Hərbi sahədə əlaqələrin perspektivlərinə toxunan tərəflər bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən mütəxəssislərin iştirakı ilə iki ölkənin Müdafiə Nazirliklərinin hərbi-texniki əməkdaşlıq üzrə müştərək komissiyasının yaradılması barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, eləcə də hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, regional problemlər də müzakirə olunub.
1news.az