Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir - FOTO
NATO-nun Müttəfiq Transformasiya Komandanlığının Ekspert Qrupu tərəfindən Silahlı Qüvvələrdə keçirilən “NATO Günləri” tədbiri çərçivəsində, Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub.
1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı nümayəndə heyətinə Azərbaycan-NATO hərbi əməkdaşlığı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramının Azərbaycan Silahlı Qüvvələrində tətbiqi və ölkəmizin NATO-nun həyata keçirdiyi sülhməramlı əməliyyatlara töhfəsi ilə bağlı məlumat verilib, həmçinin NATO ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə NATO nümayəndə heyətinin diqqətinə regional təhlükəsizlik məsələləri də çatdırılıb.
“NATO Günləri” çərçivəsində NATO nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
General-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyətinin hərbi məktəbin komandanlığı ilə görüşü keçirilib, hərbi təhsil müəssisəsinin yaranma tarixi, təlim-tədrisi prosesi və digər fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib.
Nümayəndə heyəti hərbi təhsil ocağının kafedralarındakı tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqlarla yaxından tanış olub.
Qonaqlara müxtəlif ixtisas fakültələrinin döyüş texnikası və təlim trenajorları, atıcı silahlar və digər hərbi təyinatlı vasitələr barədə ətraflı məlumat verilib.
1news.az