ANAMA: Füzuli rayonunda tank əleyhinə raket aşkar edilib
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Füzuli rayonunun Babı kəndində Muğan kanalının yaxınlığında bir partlamamış hərbi sursat (tank əleyhinə “PQ-9” raketi) aşkar edərək götürüblər. Ümumilikdə 350 kvadratmetr ərazi yoxlanılıb.
1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, agentlik tərəfindən aprelin 7–dən noyabrın 24-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 649 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, iki tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna, bir qoruq ərazisinə, bir çınqıl karxanasına və bir dəmir yolu stansiyasının ərazisinə baxış olub.
Təmizləmə əməliyyatları nəticəsində 3957 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, iki “OZM-72”, iki “siqnal minası” və tank əleyhinə 45 mina aşkar edilərək zərərsizləşdirilib.
1news.az