Özbəkistan portalları Azərbaycan XİN-in cəbhə xəttindəki son vəziyyətlə bağlı bəyanatını yayıb
Daşkənddə fəaliyyət göstərən kun.uz, ziytouz.uz və sharh.uz portalları Azərbaycan Xarici İşlər Nazirliyinin cəbhə xəttindəki son vəziyyətlə bağlı bəyanatını yayıb.
Bəyanatda vurğulanır ki, son zamanlar Ermənistan Vyana və Sankt-Peterburqda aparılmış danışıqları və münaqişənin sülh yolu ilə həlli istiqamətində olan səyləri pozmağa və münaqişənin əhatəsini genişləndirməyə yönəlmiş təxribatları davam etdirir.
Sənəddə deyilir ki, 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədini pozaraq növbəti təxribat həyata keçirib. Ermənistan silahlı qüvvələrinin bu təxribatının qarşısı alınıb. Ermənistan kəşfiyyat-diversiya qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Hücumun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Çingiz Qurbanov həlak olub, onun cəsədi Ermənistana aparılıb.
Bəyanatda bildirilir ki, Ermənistan tərəfi ilkin olaraq cəsədin onlarda olduğunu inkar etsə də, sonradan baş vermiş insidentə görə öz məsuliyyətini gizlətmək və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə hadisəni dövlət sərhədinin pozulması kimi təqdim etməyə cəhd göstərib, cəsədin fotolarını sosial şəbəkələrdə yerləşdirməklə etik normaları və insani dəyərləri tapdalayaraq çirkin təbliğata və dezinformasiyaya əl atıb.
Sənəd bu cümlə ilə bitir: “Azərbaycan Respublikası beynəlxalq birliyi Ermənistanı sülhə vadar etməyə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırır".
AZƏRTAC