SAM-ın əməkdaşları 57 beynəlxalq tədbirdə iştirak ediblər
Prezident yanında Streteji Araşdırmalar Mərkəzi illik hesabatını yayıb.
Mərkəzdən 1news.az-a verilən məlumata görə, müasir dövrün qlobal çağırışlarına, dünyada və regionda baş verən proseslərə uyğun olaraq 2016-ci ildə SAM-ın fəaliyyətində aparıcı istiqamət ölkənin xarici siyasəti, beynəlxalq və regional təhlükəsizlik, energetika, qarşılıqlı faydalı əməkdaşlıq məsələləri olub. Hesabat dövrü ərzində bu məsələləri əhatə edən 51 elmi-tədqiqat mövzusu üzrə araşdırmalar aparılıb, Azərbaycan və xarici dillərdə 23 monoqrafiya, məqalələr toplusu, atlas, broşür və xüsusi tədqiqatlar çap edilib.
SAM-ın əməkdaşları aktual məsələlərə dair 115-dən çox analitik arayış və hesabatlar hazırlayıb, yerli və xarici kütləvi informasiya vasitələrində, elmi məcmuələrdə 150-dən çox məqalə, müsahibə və şərhləri çap etdiriblər.
Həmin müddət ərzində Strateji Araşdırmalar Mərkəzinin elmi nəşrləri olan “Caucasus International” və “Strateji təhlil” jurnallarının mövzu və oxucu auditoriyası genişlənib. Belə ki, 2016-cı ildə 2 dəfə dərc olunan “Caucasus International” jurnalının Mərkəzi Asiya və Qafqazda Enerji təhlükəsizliyi, Trans-Avrasiya Nəqliyyat şəbəkəsi, Avrasiya Nəqliyyat Siyasəti və İqtisadiyyatı məsələlərinə həsr edilmiş saylarında xarici və yerli ekspertin məqalə və müsahibələri öz əksini tapıb. “Strateji təhlil” jurnalının da 2 nömrəsində 45-dən çox məqalə dərc edilib.
2016-ci ildə SAM-ın ingilis dilində çıxan “SAM Review” dövri məcmuəsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Amerika Birləşmiş Ştatlarının xarici siyasəti və ictimai və özəl sektor arasında əməkdaşlıq mövzularına, “SAM-ın şərhləri”nin növbəti 2 buraxılışı isə dünya dilləri ictimai diplomatiyanın tərkib hissəsi kimi, ATƏT-in uğursuzluğu, regional təhlükəsizlik təşkilatından siyasi alətə doğru mövzularına həsr olunub.
Qeyd olunub ki, ötən il elmi-təşkilatçılıq fəaliyyəti baxımından da uğurlu olub, Strateji Araşdırmalar Mərkəzi ümumilikdə 14, Azərbaycanda 7 və bir sıra xarici ölkələrdə 7 tədbir - beynəlxalq konfrans, dəyirmi masa, birgə müzakirələr və təqdimatlar keçirib.
Azərbaycanda keçirilən tədbirlərdən Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 25-ci il dönümünə həsr edilmiş “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda təşkil olunmuş beynəlxalq konfransın vacibliyini xüsusilə qeyd etmək lazımdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin 19 əməkdaşı dünyanın 24 ölkəsində təşkil edilmiş 57 beynəlxalq tədbirdə məruzəçi kimi dəvət olunub, xarici dövlətlərdəki tərəfdaş beyin mərkəzləri ilə birlikdə tədqiqatlar aparıblar.
Strateji Araşdırmalar Mərkəzinin və Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) birgə həyata keçirdikləri qonaq elmi işçilərin mübadiləsi proqramı da uğurla davam etdirilib, İordaniya, Bolqarıstan, Misir, Qazaxıstan və Qırğızıstanı təmsil edən 5 xarici ekspert SAM-da müxtəlif mövzulara dair elmi-tədqiqat fəaliyyəti ilə məşğul olublar.
Hesabat dövründə SAM-ın bir neçə əməkdaşı paralel olaraq pedaqoji fəaliyyətlə də məşğul olub, öz bilik və təcrübələrini və Bakı Dövlət Universitetində, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında və Xəzər Universitetində gələcəyin zabit və mütəxəssislərinə aşılayıblar.
Bundan əlavə, SAM-ın ali məktəb tələbələri üçün təcrübə proqramı çərçivəsində Azərbaycanın altı və xarici ölkələrdəki dörd ali təhsil müəssisəsini təmsil edən 17 tələbə-məzun müxtəlif aktual mövzularda ilk tədqiqatlarını aparıblar.
1news.az