İlham Əliyev: Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Dövlətimizin başçısı Brüsselə son səfərini məmnunluqla xatırlayaraq səfər zamanı səmərəli müzakirələrin və danışıqların aparıldığını dedi, bu danışıqların əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı birgə yanaşmanı bir daha nümayiş etdirdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların səfərin növbəti günü başlamasının rəmzi xarakter daşıdığını vurğuladı və bu danışıqların uğurla davam etdirildiyini dedi.
Ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu bildirən dövlətimizin başçısı əlaqələrimizin strateji xarakter daşıdığını və uzun illərə hesablandığını qeyd etdi, əməkdaşlığımızın sabitlik və təhlükəsizlik şəraitində davam etdirildiyini diqqətə çatdırdı. Ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının gündəliyində siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və digər sahələri əhatə edən geniş məsələlərin durduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycan tərəfinin əlaqələrimizin daha da genişləndirilməsi üçün səylər göstərməyə hazır olduğunu bildirdi.
Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Azərbaycan Prezidentini Qurtuluş Günü münasibətilə təbrik etdi. Prezident İlham Əliyevin Brüsselə son səfərinə toxunan qonaq səfərin uğurlu keçdiyini, məhz bu səfərdən sonra Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqların başlandığını qeyd etdi və danışıqların konstruktiv ruhda davam etdirildiyini bildirdi. Avropa İttifaqı ilə Azərbaycanın ikitərəfli münasibətlərə təsir göstərə biləcək məsələlərin həlli yollarını müəyyənləşdirməsinin vacibliyini vurğulayan Yohannes Han əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd etdi. O bildirdi ki, Avropa İttifaqı qonşu ölkələrdə sabitliyin mövcud olmasında maraqlıdır və Azərbaycan regionda və daha geniş məkanda bu baxımdan mühüm rol oynayır.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi, həmçinin enerji və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirələr olundu, bu sahələrdə yaxşı perspektivlərin olduğu vurğulandı.
Görüşdə, həmçinin regional məsələlər ətrafında fikri mübadiləsi aparıldı.
S.Xankişiyeva