Azərbaycanla Latviya arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib – FOTO
İyunun 20-də Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.
1news.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan ekologiya və təbii sərvətlər naziri, Azərbaycan tərəfdən Hökumətlərarası Komissiyanın həmsədri Hüseyn Bağırov ölkələrimiz arasında əməkdaşlıq ilə bağlı məlumatları diqqətə çatdırıb, bu görüşün səmərəli olacağı, gələcəkdə əlaqələrin daha da geniş inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində Latviyanın nəqliyyat naziri Uldis Auqulis çıxış edərək qeyd edib ki, bizim əməkdaşlığımızın inkişafı, birgə layihələrin həyata keçirilməsi sahəsində böyük potensial var. Əminəm ki, iqtisadi əməkdaşlıq getdikcə daha da möhkəmlənəcək və bu da iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artmasına gətirib çıxaracaq.
Görüş zamanı Azərbaycanla Latviya arasında ətraf mühit və regional inkişaf, ikitərəfli ticarətin və investisiyanın genişləndirilməsi, elm, təhsil, mədəniyyət, turizm, səhiyyə, nəqliyyat, rabitə və kommunikasiya sahəsində əməkdaşlıq üzrə məsələlər müzakirə edilib.
Sonda nazir H.Bağırov bildirib ki, ölkələr arasında mövcud olan dostluq münasibətləri, böyük iqtisadi potensial, yaradılmış hüquqi baza, əlverişli investisiya mühiti əməkdaşlığın daha da genişləndirilməsinə və bundan sonra keyfiyyətcə yeni mərhələyə qaldırılmasına zəmin yaradır.
İclasın sonunda Azərbaycan Respublikası və Latviya Respublikası arasında Hökumətlərarası Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb.
Babək Cahandarov