İlham Əliyev: Əminəm ki, bu səfər Moldova-Azərbaycan münasibətlərinin dinamik inkişafına yaxşı təkan verəcək - FOTO
İyunun 22-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Moldova Respublikasının Prezidenti İqor Dodon mətbuata bəyanatlarla çıxış ediblər.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, əziz dostlar.
Moldova nümayəndə heyətini Azərbaycanda bir daha səmimi qəlbdən salamlamaq istəyirəm. Prezidentin səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərdə çox mühüm hadisədir. Əminəm ki, bu səfər Moldova-Azərbaycan münasibətlərinin dinamik inkişafına yaxşı təkan verəcək.
Bu gün biz qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini müzakirə etdik və gələcək birgə fəaliyyətimizin yollarını müəyyənləşdirdik. Biz bundan sonra da siyasi əlaqələri möhkəmləndirəcək və beynəlxalq qurumlarda birgə fəal işləyəcəyik. Prezidentin səfəri bizim bir-birimizə qarşılıqlı hörmətimizin və qarşılıqlı marağımızın göstəricisidir. Onu da qeyd etmək istərdim ki, Moldova Prezidenti cənab Dodonun Azərbaycana rəsmi səfəri onun ilk rəsmi səfərlərindən biridir. Biz onun ölkəmizə gəlişini Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk.
Bu gün biz, həmçinin ticari-iqtisadi əməkdaşlıqla bağlı məsələləri də çox geniş müzakirə etdik. Bu sahədə yaxşı potensial var. Artıq bizim orqanlara müvafiq təlimatlar verilib ki, əmtəə dövriyyəsinin artırılması ilə əlaqədar məsələlərin razılaşdırılması prosesi sürətləndirilsin. Əlbəttə, bunun üçün ümid edirik ki, lap yaxın vaxtda hökumətlərarası birgə komissiya toplaşacaq. Çoxdan bəri toplaşmayan komissiyanın bu iclasında qarşılıqlı ticarətin necə artırılması, investisiyalar üzrə hansı imkanların olması, bizim şirkətlərin birgə iştirak edə biləcəkləri hansı infrastruktur layihələrinin mövcud olması kimi mühüm məsələlər müzakirə ediləcək. Yəni, bu məsələlər bloku da böyük əhəmiyyət kəsb edir, çünki ticari-iqtisadi münasibətlərin bugünkü səviyyəsi, əlbəttə, bizi qane edə bilməz. Biz bilirik ki, qat-qat artıq potensial var. Energetika və nəqliyyat sahələrində əməkdaşlığın da böyük perspektivləri var. Biz Azərbaycanda çoxlu nəqliyyat və enerji layihələri həyata keçiririk. Bu layihələr artıq çoxdan ölkəmizin hüdudlarından kənara çıxıb. Bu istiqamətdə moldovalı tərəfdaşlarımızla əməkdaşlıq etmək maraqlı olardı.
Bu gün biz regionlararası əlaqələr məsələlərini də müzakirə etdik. Bu sahədə ölkələrimizin müxtəlif regionları arasında münasibətlərin strukturlaşdırılması və ya formalaşdırılması üzrə konkret addımlar nəzərdə tutmuşuq. Əlbəttə, humanitar əməkdaşlıqla bağlı məsələlər də müzakirə edilib. Moldova Prezidenti mənə dedi ki, dünən o, Azərbaycandakı moldav icmasının nümayəndələri ilə görüşüb. Moldovadakı Azərbaycan diasporu da çox fəal işləyir və Prezidentin onlara göstərdiyi diqqətə görə ona təşəkkür edirəm. Bu da ikitərəfli münasibətlərdə mühüm amildir.
Əminəm ki, bugünkü səfər münasibətlərimizin inkişafında mühüm mərhələ olacaq, bizim münasibətlərə zəruri dinamizm verəcək və çox mühüm məsələlərin həllinə kömək edəcək. Bununla da ölkələrimizi və xalqlarımızı yaxınlaşdıracaq.
Mən cənab Prezidentə ölkəmizə gəldiyinə görə təşəkkür edirəm. Hörmətli cənab Prezident, Sizə və dost Moldova xalqına yeni uğurlar və firavanlıq arzu edirəm. Sağ olun.
x x x
Prezident İqor Dodonun bəyanatı
-Çox sağ olun cənab Prezident.
Əvvəla, Azərbaycana, Bakıya səfər etmək üçün rəsmi dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Ölkələrimizin prezidentləri çoxdan idi ki, görüşmürdülər və əminəm ki, ali siyasi səviyyədə görüş ikitərəfli münasibətlərimizə yeni təkan verəcək.
Biz çox böyük məsələlər blokunu müzakirə etdik, lakin əgər onları strukturlaşdırsaq, onda əsasən üç istiqamət alınacaq. Bunlar iqtisadiyyat, humanitar-sosial və siyasi istiqamətlərdir. İqtisadiyyata gəldikdə, vəzifə ən yaxın vaxtda hökumətlərarası komissiyanın iclasını keçirməkdir. Təəssüf ki, 2012-ci ildən bəri hökumətlərarası komissiya rəhbərlərinin nazirlər səviyyəsində iclasları keçirilməyib. Çox ümid edirik ki, həmin iclas yaxın vaxtlarda, yaxşı olardı bu ilin sonunadək keçirilsin.
Hökumətlərarası komissiyanın iclasının keçirilməsi ilə paralel olaraq biz ikitərəfli iqtisadi münasibətlərimizə yeni təkan vermək üçün iki ölkənin iş adamlarının görüşünü təşkil etməyi planlaşdırırıq. Bu sahədə yaxşı dinamikamız var, 2016-cı ildə qarşılıqlı ticarətin həcmi 30 faizdən çox artıb. Lakin əgər rəqəmlərə müraciət etsək biz hələ ki, 5 milyon dollar səviyyəsindəyik. Bu da çox aşağı səviyyədir. Mən əminəm ki, bizim potensialımız qat-qat artıqdır.
Sosial və humanitar layihələrə gəldikdə, bizim ölkədə, Moldovada bəzi sosial layihələrin mümkünlüyünü müzakirə etdik. Biz Moldovanın regionlarında, xüsusən Qaqauziyada bəzi layihələri müzakirə etdik. Mənimlə bərabər Qaqauziyanın rəhbəri – başqanı da nümayəndə heyətinin tərkibindədir. Çox ümid edirəm ki, biz Moldova Respublikasının regionlarında, xüsusən Qaqauziyada və güman edirəm ki, başqa regionlarda da bəzi konkret sosial layihələrin icrasına başlayacağıq.
Çox ümid edirəm ki, ən yaxın vaxtda siyasi sahədə yeni konkret addımlar atacağıq. Ola bilsin ki, lap yaxın vaxtlarda bizim təkcə prezidentlər, hökumətlərarası komissiya səviyyəsində deyil, həm də siyasi partiyalar səviyyəsində əməkdaşlığımız üçün müəyyən partiyalararası razılaşmalar da imzalanacaq. Qoy siyasi partiyalar da öz aralarında əməkdaşlıq etsinlər.
Mən Prezident İlham Əliyevi Moldova Respublikasına rəsmi səfərə dəvət etdim. Onun Moldovaya sonuncu rəsmi səfəri 2005-ci ildə olub. Çox ümid edirəm ki, Azərbaycan Prezidentinin gələn il Moldova Respublikasına səfər etməyə imkanı olacaq və o vaxta qədər hansı konkret işlər görüldüyünü həmin səfər çərçivəsində nəzərdən keçirəcəyik. Buna görə də bizim nazirlərə tövsiyə edirəm ki, bugünkü görüşümüzdən sonra gələn il üçün konkret nəticələr əldə olunsun.
S.Xankişiyeva