Astanada XIV Avrasiya Media Forumu keçirilir – FOTO
Qazaxıstanın paytaxtı Astanada XIV Avrasiya Media Forumu (AAMF) işə başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “EXPO-2017” beynəlxalq sərgisi çərçivəsində keçirilən forumda dünyanın bir çox ölkələrindən ictimai-siyasi xadimlər, iqtisadçılar, ekspertlər, tanınmış jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Dünyanın 60 ölkəsindən 40 spiker və 600-ə yaxın nümayəndənin qatıldığı tədbirdə bütün beynəlxalq siyasi və media birliyi daxil olmaqla, dünya geosiyasətinin yenidən qurulması, rəqəmsal inqilabda təhlükəsizlik strategiyası, gələcəyin enerjisində tendensiyalar və inkişaf xüsusiyyətləri və bir sıra digər aktual məsələlərin müzakirəsi aparılacaq.
Qazaxıstanın Dövlət katibi Gülşara Abdıkalikova ölkə prezidenti Nursultan Nazarbayevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Forum iştirakçılarına səmərəli iş arzulayan dövlət başçısı məktubunda dünyanın qlobal kontekstdə yenidən qurulmasında KİV-in vacib rolunu vurğulayaraq qeyd edib ki, media qarşılıqlı dialoqun inkişafına dair qlobal etibarın bərpası prosesində lider olmalıdır.
Forumun açılış mərasimində Qazaxıstan parlament senatının deputatı, senatın beynəlxalq işlər, müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədri, forumun Təşkilat Komitəsinin sədri Dariqa Nazarbayeva çıxış edib. O bildirib ki, Avrasiya media forumu beynəlxalq ekspertlərin rəylərini dinləməyə imkan verən, ən aktual və kəskin suallar üzərində qurulan diskussiya meydançasıdır. Ənənəvi olaraq təşkilat komitəsi müasir dünyanın ən kəskin problemlərini müzakirəyə çıxarıb. “Əminəm ki, müzakirələr zamanı biz düzgün cavabları tapmaqda bir-birimizə kömək edəcəyik, heç olmasa onlara yaxınlaşa biləcəyik”, - deyə Dariqa Nazarbayeva vurğulayıb.
AAMF-in proqramı çərçivəsində gələcəyin enerjisi, iqtisadi möcüzə, qlobal informasiya mövzularında plenar iclaslar keçiriləcək.
İki gün davam edəcək forumun aparıcısı məşhur amerikalı jurnalist Riz Xandır.
Forumun ilk günündə “Bu gün KİV ölkə tərzinə necə təsir edir”, “Biznes-xəbərlər və biznes üçün yeniliklər. Media necə qazanır”, “Media kampaniyasının uğurlu mexanizmləri” mövzularında ustad dərsləri keçirilib.
Forumda ölkəmizi Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, AZƏRTAC-ın, APA-nın, AzTV-nin, İTV-nin əməkdaşları təmsil edirlər.
Forum işini sabah panel iclasları ilə davam etdəcək.
Babək Cahandarov