Ağstafada otlaq sahəsindən “Qrad” raketi tapılıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tovuz rayonunda apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ağstafa rayonunun Saloğlu kəndində 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd 122 mm-lik “Qrad” raketi (9M22U) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 22 iyun 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 165 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 5 779 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 398 639 kv.m ərazi (696 228 kv.m əl ilə, 1 514 340 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 075 071 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Babək Cahandarov